AZ

Şahramanyan qondarma "Arsax" barədə 2 il əvvəlki qərara niyə yenidən qayıdır?..


Azərbaycan üçün hüquqi və siyasi baxımdan bu addımın əhəmiyyəti sıfıra bərabərdir

Qondarma "DQR"-ın“prezidenti” Şahramanyan 2023-cü il sentyabrın 28-də 2024-cü il yanvarın 1-dək bütün dövlət qurumlarının ləğvi haqqında verdiyi fərmandan imtina edir. Əslində bu fərmanın Azərbaycan üçun heç bir əhəmiyyəti yoxdur, çünki nə belə bir qurum, nə də onun "prezident"i hüquqi baxımdan legitimdir. Amma maraqlıdır, legitimliyi tanınmayan "prezident"in verdiyi fərmandan imtina etməsinin məqsədi nədir?

Baki-xeber.com nəşrinə görə, bu, simvolik və təbliğat xarakteri daşıyir. Şahramanyanın 2023-cü ilin sentyabrında imzaladığı fərman (guya “DQR” strukturlarının ləğvi) əslində həmin vaxt Ermənistan və Qarabağ ermənilərinin ağır məğlubiyyətini rəsmiləşdirirdi. İndi isə ondan imtina etməsi faktiki olaraq simvolik addımdır - bu, erməni ictimaiyyətində “hələ də mövcudluq var” görüntüsü yaratmağa yönəlib. Başqa sözlə, psixoloji və təbliğat xarakterli bir addımdır, heç bir siyasi əhəmiyyətə malik deyil.

Bunu həm də uğursuz daxili siyasi gediş kimi qiymətləndirmək mümkundür. Hələ də Ermənistanda və diasporada “Arsax ideyasını” diriltmək istəyən dairələr var. Şahramanyanın bu bəyanatı həmin dairələrə mesajdır: “biz imtina etmədik, sadəcə müvəqqəti dayandıq”. Beləliklə, o özünü hələ də “simvolik lider” kimi təqdim etmək istəyir.

Eyni zamanda bu, xaricdəki erməni lobbilərinə bir işarədir. Qərb və Rusiya daxilində müxtəlif erməni təşkilatları Qarabağ mövzusunu tam itirmək istəmir. Şahramanyan fərmandan imtina etməklə, guya “qanuni varislik” xəttini davam etdirdiyini göstərir ki, bu da beynəlxalq arenada “erməni məsələsini gündəmdə saxlamaq” üçün istifadə edilə bilər.

Lakin bu addımın praktiki nəticəsi yoxdur, ola da bilməz. Azərbaycan üçün hüquqi və siyasi baxımdan bu addımın əhəmiyyəti sıfıra bərabərdir. Çünki nə “DQR”, nə də onun “prezidenti” mövcuddur. De-fakto mövcud olduğu dövrdə Ermənistan belə bu separatçi strukturu ("DQR") dövlət subyekti kimi tanımayıb. Bu bəyanat sadəcə informasiya müharibəsinin bir hissəsi kimi təqdim olunur. Yəni Şahramanyanın "fərman"dan imtina etməsi real siyasət deyil, daha çox erməni ictimaiyyətinə və diasporasına yönəlmiş simvolik gediş və “məğlubiyyətlə barışmadıq” görüntüsü yaratmaqdır.

Bəs məqsəd nədir?

Əlbəttə, Şahramanyanın qərarının Ermənistanın daxili siyasətinə və Paşinyanın mövqeyinə təsiri bir neçə istiqamətdə əhəmiyyətlidir. Paşinyan 2023-cü ildən bəri Qarabağ məsələsini “bağlanmış səhifə” elan edir. Şahramanyanın fərmandan imtinası isə, əksinə, Qarabağ mövzusunu diriltmək cəhdidir.

Bu, Paşinyanın rəqiblərinin, xüsusən də rusmeyilli, revanşist müxalifətin əlinə əlavə “kozır” verir - “Baxın, "Artsax" mövzusu bitməyib, hökumət satqındır”.

Bu, müxalifət üçün "bitib-tükənməyən" təbliğat materialıdır. Ermənistanda revanşist qüvvələr (Koçaryan, Sarkisyan, “Daşnaksütyun”, kilsə və s.) daim “Artsax ideyası”ndan istifadə ediblər. Şahramanyanın addımı onların əlinə fürsət verir ki, "Artsax" var, sadəcə Paşinyan onu məhv etdi” deyə xalqı qızışdırsınlar.

Bu, digər tərəfdən, Paşinyanın “Qərbə yaxınlaşma kursuna” zərbə vurur. Paşinyan Qərblə inteqrasiyanı gücləndirməyə çalışır. Amma "Artsax" mövzusu” yenidən gündəmə gəlsə, Ermənistan daxilində həm Rusiyaya bağlı qüvvələr, həm də radikal millətçilər onun yolunu kəsməyə çalışacaq.

Bu, Paşinyanı daha çox daxili təzyiq altında saxlayır.

Bir qrup erməni üçün bu addım ümidverici görünür ("Arsax" hələ yaşayır”). Digərləri üçün isə boş və mənasız jestdir. Onlar Paşinyanın mövqeyinə daha yaxın dayanırlar: “Qarabağ mövzusu bitib, reallıqla yaşamalıyıq”. Erməni cəmiyyətinin əksəriyyəti artıq "Qarabağ mövzusu"ndan bezib, yorulub.

Yəni Şahramanyanın addımı hüquqi baxımdan heç bir nəticə verməsə də, Ermənistanın daxili siyasətində Paşinyanın əleyhdarları üçün siyasi alətə çevrilə bilər. Bu, Paşinyana həm müxalifət, həm də radikal diaspor təzyiqlərini artırır, amma onun real siyasət kursunu dəyişməyə qadir deyil.

Akif NƏSİRLİ

Seçilən
78
50
baki-xeber.com

10Mənbələr