AZ

"AD Ports Group" Xəzərdə ilk dəfə gəmi sifarişini Azərbaycana verib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əbu-Dabi Limanları Şirkəti" ASC-nin Azərbaycan üçün inşa edəcəyi iki ədəd konteyner gəmisi üzrə işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. 

Bu barədə Avtosfer.az "AZCON Holding"ə istinadən xəbər verir.

Məlumata əsasən, bu layihənin icrası "Bakı Gəmiqayırma Zavodu" MMC ilə "Əbu-Dabi Limanları Şirkəti" ASC arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə" çərçivəsində həyata keçiriləcək.  Bu müqavilə ilə Xəzər dənizində fəaliyyət göstərmək üçün iki 780 TEU konteyner gəmisinin inşası nəzərdə tutulur. Bu gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq. 

Yeni inşa olunacaq gəmilər Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gücləndirilməsində mühüm rol oynayacaq. Bu əhəmiyyətli marşrutda gəmiçilik potensialını genişləndirməklə, gəmilər konteyner daşımaları üzrə sürətlə artan ehtiyacları ödəməyə, tranzit müddətlərini azaltmağa və ənənəvi marşrutlara davamlı və təhlükəsiz alternativ kimi dəhlizin rəqabət qabiliyyətini artırmağa kömək edəcək.  

Dünyanın aparıcı liman, logistika və gəmiçilik şirkətlərindən biri kimi tanınan "AD Ports Group" bu tərəfdaşlığa öz qlobal biliyini, qabaqcıl texnologiyaları və mürəkkəb ticarət dəhlizlərinin idarə olunmasında qazandığı təcrübəsini gətirir. "AD Ports Group" şirkətinin Xəzər regionundakı əməliyyatlara qoşulması Orta Dəhlizə olan etimadın bariz nümunəsidir. Bu tarixi müqavilə beynəlxalq şirkət tərəfindən Bakı Gəmiqayırma Zavoduna yük gəmilərinin inşası üçün edilən ilk sifarişi təcəssüm edir. 

Birbaşa əhəmiyyətindən əlavə, "AD Ports Group" ilə daha geniş əməkdaşlığın təməlini qoyan bu müqavilə dəniz nəqliyyatı və logistika sahəsində gələcək birgə layihələr və iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün yol açmış olur.

Seçilən
5
2
avtosfer.az

3Mənbələr