AZ

Xəzərdə yenidən tornado baş verə bilər

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir neçə gün əvvəl Dağıstanın Xəzər dənizi sahilində tornadonu xatırladan təbiət hadisəsi baş verib. Tornado "Dağıstanın Ford Boyard"ı adlandırılan ərazidə müşahidə olunub.

Modern.az-a açıqlamasında AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov qeyd edib ki, bu cür hadisələr Xəzər dənizi üçün xarakterik deyil, lakin tamamilə istisna da olunmur. Yəni bu, nadir hal hesab olunsa da, belə hadisələr zaman-zaman baş verir.

“Məsələn, 2012-ci ildə Abşeron-Qobustan istiqamətində baş vermiş buna bənzər hadisə nəticəsində hasarlar uçmuşdu. Bundan başqa, təxminən iki il əvvəl Kəlbəcərdə, iyulun sonu – avqustun əvvəllərində Ağ Göl ətrafında da oxşar hadisə qeydə alınmışdı”.

Həmsöhbətimiz bildirib ki, ümumiyyətlə, tornado hadisələri əsasən ABŞ-nin Atlantik okeanı sahillərində baş verir:

“Lakin son illərdə iqlim dəyişikliyi ilə əlaqədar olaraq belə hadisələr təkcə Amerikada deyil, Rusiyada və Avropa ölkələrində də müşahidə edilir. Tornadolar əsasən su hövzələri ilə quru sərhədlərinin kəsişdiyi ərazilərdə yaranır. Xəzər dənizi sahili, Kəlbəcərdəki Ağ Göl və son olaraq Dağıstanda baş verən hadisələr də bunu təsdiqləyir.

Bu da onu göstərir ki, iqlim dəyişiklikləri və qlobal istiləşmə nəticəsində belə hadisələrin təkrarlanma ehtimalı artır. Qeyd edilməlidir ki, tornado hadisələrinin yaranma səbəbləri hələ də 100 faiz tam şəkildə izah olunmayıb.

Lakin ümumi fikirlərə görə, belə hadisələr iki fərqli hava kütləsinin – dənizdən gələn nisbətən soyuq və rütubətli hava ilə qurudan gələn isti və quru havanın – qarşılaşdığı sahələrdə baş verir. Bu kütlələrin bir-birinə əks istiqamətdə hərəkət etməsi nəticəsində fırlanma (burulğan) yaranır”.

O həmçinin vurğulayıb ki, bu prosesi su axınları ilə müqayisə etsək, məsələn, iki əks istiqamətdə axan su kütləsi və ya maneəyə dəyən axın nəticəsində suyun fırlandığını müşahidə edə bilərik.

“Eyni hal hava kütlələri üçün də keçərlidir. Nəticədə fırlanan hava sütunu - tornado yaranır.

Tornadonun ən təhlükəli xüsusiyyətlərindən biri onun güclü küləklərlə müşayiət olunması və yüksək dağıdıcı gücə malik olmasıdır. Bu burulğan küləklər, xüsusən də böyük ölçülü tornadolar, qarşısına çıxan hər şeyi məhv edə bilər. ABŞ-də belə hallarda əhali əvvəlcədən xəbərdar edilərək təhlükəli zonalardan evakuasiya olunur və həmin ərazilərdə müvəqqəti tikililər salınır”.

S.Səfərov onu da əlavə edib ki, Azərbaycanda – Abşeron yarımadasında, Kəlbəcərdə, eləcə də Dağıstanda baş verən tornadolar isə daha lokal xarakter daşıyır.

“Yəni onların əhatə dairəsi kiçikdir. Lakin bu, onların təhlükəsiz olduğu anlamına gəlmir. Tornadonun keçdiyi sahədə insanlara, heyvanlara və yüngül konstruksiyalı tikililərə ciddi ziyan dəyməsi mümkündür.

Əlbəttə ki, bu cür hadisələr bizim regionda, xüsusən də Xəzər dənizi sahillərində hələ də nadir hesab olunur”.

Yekun olaraq müsahibimiz onu da diqqətə çatdırıb ki, qlobal iqlim dəyişikliyi bu nadir hadisələrin də sayının artmasına səbəb ola bilər:

“Əvvəllər Xəzər ətrafında tornado anlayışı demək olar ki, yox idi. Lakin artıq aydın şəkildə görünür ki, belə təhlükəli hadisələr dəniz və göl sahillərində müşahidə oluna bilər və gələcəkdə də onlara rast gəlinə bilər”,- deyə S.Səfərov fikrini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
6
modern.az

7Mənbələr