Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“İstənilən bir aktrisa, aktyor hərtərəfli rollar oynamalıdır. Sadəcə uzun illər eyni səpkili obrazları ona tapşıranda aktyor sanki qəlibə düşür və unudur ki, o başqa obrazlar da yarada bilər. Bu artıq rejissorun yanaşmasıdır. Bir də yəqin ki, onlar üçün daha rahatdır belə işləmək. Sözün düzü bunu anlamıram. Daim müsbət bir obrazı oynayan aktyor və aktrisaya 180 dərəcə dəyişkən, mənfi bir obrazı versən o daha maraqla qarşılanar. Aktyor onsuz da rolun öhdəsindən gəlir və gəlməlidir. Bu düzgün yanaşma deyil. İstər kino olsun, istərsə də teatr olsun”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Flora Hüseynova deyib. O daha sonra əlavə edib:
“Kinoda belədir ki, artıq eyni tipdə rollarla səni qəbul edirlər. Mən çox istərdim ki, pis gündə, həyatın dibində olan bir qadının ağrısını, acısını canlandırım. Aktyoru qəlibə salmaq olmaz. Qəlibə düşdüsə o inkişaf etməz. Mən şəxsən film və seriallarda müsbət rollar oynamaqdan yorulmuşam. Ötən dəfə “Xəzər axşamı” verilişində aparıcı Mətanə xanım da məndən soruşdu ki, “siz həyatda da bu qədər təmkinli və sakitsiz?”. Dedim ki, xeyr, mən həyatda bu qədər təmkinli, sakit deyiləm. Artıq insanlar məni o cür qəbul etmək istəyirlər. Mən bir az bundan yorulmuşam. Ütülü rollar mənə görə deyil” deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, kino və serialla müqayisədə teatrda istədiyin rolu canlandıra bilirsən:
“Bakı Uşaq və Gənclər Teatrında çalışıram. Teatrda hərtərəfli rollar oynamaq şansımız daha çoxdur. Hər bir aktyorun xarici görünüşünə görə ona verilən rollar üstünə oturmalıdır. Düzdür, aktyor qəlibə düşməli deyil. Elə bir rol ola bilər ki, aktyor istəyər ki, onu oynasın, amma heç cür ona uyuşmaya bilər. Bizim teatrda boyu kiçik olan bir xarakterik aktyorumuz Emin Balayev çalışır. O çox çalarlı rollar oynayır. Məsələn, o bir tamaşada padşahı oynayır. Bu artıq rejissorun obraza ironik yanaşmasıdır. Həmin padşah yatıb yuxuda görür ki, o böyüyüb çinar boyda olub. Belə bir tamaşada ola bilər. Təbii ki, tragik və dramatik tamaşada o ciddi bir padşahı oynaya bilməz. Xarici görünüşün də önəmi var. Tamaşaçı inanmalıdır. Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz” deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, teatrda dayanmadan iş gedir:
“Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” əsəri səhnələşdirilir. Olduqca maraqlı bir əsərdir. Bu tamaşanın məşqi davam edir. Aktyor olan şəxs düşünmürəm ki, boş vaxt keçirmək istəyər. Onsuz da teatrda bir tamaşanın məşqi bitir, onu təhvil veririk və yeni bir əsərin məşqinə başlayırıq. Teatrda tamaşaçı qarşısına çıxmaq, bu anları hər dəfə yaşamaq və alqış səslərini eşitmək olduqca möhtəşəm hisslərdir” deyə aktrisa bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.