AZ

Azərbaycanda narkomaniyaya qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib

Azərbaycan Respublikasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olunub. Yeni Dövlət Proqramı ölkədə narkomaniyaya qarşı mübarizənin daha sistemli və kompleks şəkildə təşkil olunmasına xidmət edəcək.

QHT.az xəbər verir ki, proqramın əsas məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, narkotik asılılığının qarşısının alınması, gənclərin sağlam həyat tərzinə təşviqi, asılılıqdan əziyyət çəkən şəxslərin reabilitasiya və reinteqrasiyası, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsidir:

Məsələ ilə bağlı açıqlama verən Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin nümayəndəsi, Narkotiklər üzrə Vyana QHT Komitəsinin üzvü Büllur Məmmədova proqramın əhəmiyyətini vurğulayaraq bildirib:

“Yeni Dövlət Proqramı Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizədə irəli sürdüyü strateji və ardıcıl siyasətin davamıdır. Bu dövlət proqramı təkcə dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin və ümumilikdə cəmiyyətin fəal iştirakı ilə daha uğurlu nəticələr verəcək. Maarifləndirmə tədbirləri, gənclərin sağlam həyat tərzinə təşviqi, psixoloji dəstək və reabilitasiya imkanlarının genişləndirilməsi bu proqramın əsas istiqamətlərindəndir.”

Büllur Məmmədova həmçinin qeyd edib ki, narkomaniya ilə mübarizədə yalnız hüquqi mexanizmlər deyil, sosial və psixoloji yanaşmalar da tətbiq edilməlidir. O, vətəndaş cəmiyyətinin dövlət qurumları ilə sıx əməkdaşlığının vacibliyini diqqətə çatdırıb:

“Bu proqramın icrasında hər bir QHT, hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, birgə fəaliyyət göstərməklə narkomaniyaya qarşı mübarizədə real nəticələrə nail olmalıyıq.”

Yeni Dövlət Proqramının icrası 2025–2030-cu illəri əhatə edəcək və cəmiyyətin sağlam gələcəyi naminə dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığını daha da gücləndirəcək.

Seçilən
15
qht.az

1Mənbələr