AZ

Qərbi Azərbaycan İcması və onun fəaliyyəti ilə bağlı yayılan məlumatlar yanlışdır

Xalq  arasında yeni bir deyim formalaşıb: "Prezident İlham Əliyevin ayağı qoyulduğu yer cənnətə çevrilir.  Həqiqətən bu, belədir. Çünki 30 ildə Ermənistanın işğalı altında viran qoyulub xarabalığa çevrilmiş  ərazilər yenidən bərpa olunub abadlaşır. 44 günlük Vətən müharibəsinin başa çatmasının üstündən cəmi 5 il vaxt keçir, amma bu qısa müddətdə ölkəmizdə yeni bir tarixin yazıldığının şahidiyik.

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, dünyada müharibələr başa çatandan sonra dağılmış yerlərin yenidən qurulub bərpası üçün iqtisadi gücü bərpa etməyə müəyyən zaman lazım gəlir. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşmış iqtisadi gücümüz müharibəni 44 gündə başa çatdırmağımıza və müharibədən dərhal sonra yenidənqurma və bərpa işlərinə başlanmasına yol açdı. "Belə ki, son 5 ildə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dövlət bücəsindən 21 milyard manatdan çox  vəsait ayrılıb. Dövlətimiz işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmə işindən  başlayaraq, bütün istiqamətlərdə sosial infrastrukturu yenidən qurub başa çatdırmağa çalışır.  Qarabağ və Şərqi Zəngəzurda hansı istiqamətə getmək istəsən, qarşına müasir yollar çıxır. Dağların altından  12 kilometr uzunluqda  olmaqla Avropanın ən uzun tunelləri çəkilib. İşğaldan azad olunmuş ərazilərdə 10 min kvadratkilometr ərazinin hansı səmtinə üz tutsan, bərpa-quruculuq işləri ilə rastlaşırsan. Həm də burada əsas məsələ təkcə maliyyə vəsaitinin olması ilə bağlı deyil, həm də tikintilərdə işləyən saysız-hesabsız müasir ağır texnikalar və bu işləri yüksək keyfiyyətlə icra edən mütəxəssislərin cəlb olunmasıdır.  Azərbaycan bu işin öhdəsindən çox uğurla gəlir", - deyə deputat bildirib. 

O qeyd edib ki, Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük qayıdış uğurla davam etdirilir. Otuz ildən çox məcburi köçkün həyatı yaşamış vətəndaşlarımız artıq öz doğma yurdlarına qayıdırlar və xoşbəxt həyatlarını davam etdirirlər. Bu gün artıq Azərbaycanın bütün ərazilərində suverenlik bərpa edilib, kompleks şəkildə Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla həyata keçirilir.

A.Badamov deyib ki, 14-15 sentyabr tarixlərində Prezident İlham Əliyevin Qarabağa səfəri, bu çərçivədə təməlqoyma və açılış mərasimlərinin keçirilməsi, eləcə də öz doğma yurdlarına qayıtmış sakinlərlə görüşləri hər bir azərbaycanlıda yüksək ruh və qürur hissi yaradır: "Dövlət başçımız yorulmadan Qarabağın hər bir şəhər və kəndinə gedir. Belə ki, 14 sentyabrdan başlanmış səfər çərçivəsində Füzuli rayonunun Qaraxanbəyli kəndinin bünövrəsi qoyuldu, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrində, Şuşakənd və Sos kəndlərində olub sakinlərlə görüşdü. Xocalı rayonunun Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə qayıtmış sakinləri ziyarət etməsi Qarabağın hər bir guşəsinin çiçəklənməsi deməkdir.  Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Bu, Qarabağa ancaq keçmiş məcburi köçkünlərin yox, həm də elmin, təhsilin qayıtması deməkdir.  Qarabağ Universiteti bundan sonra yüksəkixtisaslı həkimlər də hazırlayacaq. Dövlət başçımızın qeyd etdiyi kimi, Xankəndi tələbələr şəhəri olacaqdır". 

İşğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının sürətləndiyini deyən deputat əlavə edib ki, bu gün artıq 18,5 mindən çox keçmiş məcburi köçkün olmaqla 50 mindən çox insan işğaldan azad olunmuş ərazilərdə yaşayır. 2022-ci ildə təsdiq olunmuş Dövlət Proqramına əsasən, 2022-2026-cı illərdə işğaldan azad olunmuş ərazilərə 160 min keçmiş məcburi köçkünün qaytarılması nəzərdə tutulub.  Son vaxtlar keçmiş məcburi köçkünlərin qayıtdığı yaşayış məntəqələrinin siyahısının genişlənməsi Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla icra edilməsini təsdiqləyir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə hər bir çətinliyi uğurla aşmağa qadirdir. Yaşadığımız son illərin tarixi xalqımızın güclü bir xalq olduğunu göstərir. Azərbaycan Respublikası gündən-günə inkişaf edir,  daha da qüdrətlənir. Bu, dövlət başçımızın rəhbərliyi altında bizi çox gözəl bir gələcəyin gözlədiyindən xəbər verir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr