AZ

Mənim eşqim, ilhamım, hər nəyim var, onundur... Şəhriyar hansı qadın haqqında hüznlə etiraf etmişdi?

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

18 sentyabr böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın anım günüdür.

Kulis.az bu münasibətlə Esmira İsmayılovanın "Şəhriyar yaradıcılığında valideyn haqqı" yazısını təqdim edir. Klassik Şərq ədəbiyyatında əxlaqi-didaktik məsələlər - valideyn borcu, uşaq tərbiyəsi, böyüyə hörmət, kiçiyə qayğı həmişə ön planda saxlanılıb, poeziyanın baş mövzusu kimi işlənilib, milli dəyərləri yazarlar vicdani borc kimi tərənnüm edib.

“Qabusnamə”, Sədi Şirazinin “Bustan”ı, “Gülüstan”ı, Cəlaləddin Ruminin “Məsnəvi”si, “Kəlilə və Dimnə” hind hekayələr toplusu, sirli-sehirli “Min bir gecə” nağılları (bu siyahını uzatmaq da olar) və s. əsərlərin ana xəttini valideyn-övlad, böyük-kiçik münasibətləri, milli-mənəvi dəyərlərin təbliği təşkil edib, bu məsələlər cəmiyyətin inkişafının təkanverici qüvvəsi, dayağı kimi şərh olunub. Ustad sənətkarlar fəhm, intiusiya gücü ilə anlayıblar ki, nəsillər arasında əlaqə tənzimlənməsə, kainatda çox böyük boşluq hökm sürər, harmoniya pozular, cəmiyyət mənəvi eroziyaya uğrayar, nəsillər arasında qarşıdurma yaranar. Elə məhz bu məqsədlə də sözün ilahi gücü ilə nəsilləri bir-birinə bənd etməyə, ata-oğul, oğul-ata, valideyn-cəmiyyət halqasını sözlə kəməndləməyə çalışıblar.

Ulu Nizami Gəncəvinin “Oğul, sözlərimə yaxşı qulaq as, ata nəsihəti faydasız olmaz” kəlamı dediklərimizin sübutudur.Milli adət-ənənələrə, soy-kökə, milli yaddaşa bağlılıq, xəlqilik motivləri XX əsr Azərbaycan ədəbiyyatının ünlü simalarından sayılan Seyid Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) yaradıcılığının da baş mövzusu olub.

Şair istər anadilli, istərsə də farsdilli əsərlərində valideynlərinə olan hörmət və ehtiramını böyük sevgi və minnətdarlıqla təsvir və tərənnüm edib, onların varlığı ilə fəxr etdiyini dönə-dönə dilə gətirib, yazıya köçürərək zamanın yaddaşına nəqş edib.…Seyid Məhəmmədhüseyn Şəhriyarın öz ifasında “Xan nənə” şeirini dinləmisinizmi? Şəhriyar sanki şeiri oxumur, uşaqlığının nənəli günlərini təkrarən yaşayır, hissiyatlı oxucusuna da səsinin cazibəsilə ötürür.

Şairin səsi, ifası o qədər səmimi, o qədər yanğılı, o qədər təsirlidir ki, sanki şeir dinləmirsən, itirdiyin doğmalarının ağrı-acılarını təkrarən, bütün ağrısı ilə içinə çəkirsən, yaşayırsan...

“Xan nənə”nin misralarından sızan hərarət soyuq qəlbləri belə isitmək gücündədir, bizi uşaqlığımızın isti, kövrək, həzin xatirələrinə qaytarır, bir daha geri dönməyəcək günlərimizi, duyğularımızı təkrar-təkrar yaşadır:Xan nənə, hayanda qaldın,

Belə başuva dolannam.

Necə mən səni itirdim,

Da sənin tayın tapılmaz.Şairin uşaqlıq xatirələrinin real əksi olan, iç dünyasinın tanıtımı baxımından əhəmiyyət kəsb edən “Xan nənə” şeiri sadə, elə o qədər də təsirli və kövrək dillə qələmə alınıb.

M.Şəhriyarın təqribən 70 yaşında olarkən, 1975-ci ilin mart ayında yazdığı “Xan nənə” yazılışının orijinallığı baxımından adi məişət şeiri səviyyəsindən çıxaraq bəşəri məzmun kəsb edir.

Qayğıkeş, mehriban, mərhəmətli nənənin portreti misralardan səni özünə çəkir.

Seyid Məhəmmədhüseyn Şəhriyarın təqdimatında “Xan nənə” şairin bir də ələ gəlməyəcək uşaqlığının məhəbbət, mərhəmət abidəsidir:Xan nənə, aman, nolaydı,

Bir uşaqlığı tapaydım.

Bir də mən sənə çataydım,

Sənilən qucaqlaşaydım,

Sən ilə bir ağlaşaydım.

Amma, əfsus ki, nə o illər, nə də o illərin əziz insanları bir daha geri dönməyəcək. M.Şəhriyarı göyüm-göyüm göynədən də bu acı həqiqətdir:Yenidən uşaq olurkən

Qucağında bir yataydım.

Elə bir behişt olursa,

Daha mən öz Allahımdan

Başqa bir şey istəməzdim…Seyid Məhəmmədhüseyn Şəhriyar çox sevdiyi nənəsinə məhəbbətini təkcə “Xan nənə” şeirində əks etdirməyib, digər əsərlərində də bu mehriban insanı ehtiramla yad edərək sevgisini izhar edib.

Şairin anadilli yaradıcılığının şah əsərlərindən sayılan “Heydərbabaya salam” poemasında duyğusal hisslərinin bədii tərənnümünü görürük.

Qonşu Fatma xalanın nənəsini yad etməsi bu mehriban qadının qohum-əqraba, qonum-qonşu içində qazandığı böyük hörmətin işarəti kimi təsvir edilir:Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.Şəhriyar üçün milli- mənəvi dəyərlər, milli yaddaş öncə doğulduğu evdən iz götürür, doğmalara olan məhəbbətdən mayalanır: Gedənlərin yeri burda görünür,

Xanım nənəm ağ kəfənin bürünür,

Dalımcadır, hara gedim sürünür:

- Bala, gəldin? Niyə belə gec gəldin?

Səbrim sənnən güləşdi, sən güc gəldin.Şəhriyarın nənə obrazında Azərbaycan qadını mehriban olduğu qədər də zəhmətkeşdir, ailəsinə, ocağına bağlıdır:Bu tövlədə sarı inək doğardı,

Xanım nənəm inəkləri sağardı...Şair nənəsinə o qədər məhəbbət bəsləyir ki, bu sevgi zaman ölçüsünü belə əvəzləyir: Xanım nənəm naxoş olan il idi,

Qış var ikən külək idi, yel idi...Xatırladaq ki, Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından sayılan Hacı Mirağa Xoşginabinin (atasının əsl adı Seyyid İsmayıl Musəvi olub) ailəsində dünyaya göz açıb.

Şair ilk təhsilini də elə atasından alıb, ona yazıb oxumağı atası Hacı Mirağa öyrədib. Sürgündə olduğundan atasının dəfnində (1934-cü il) iştirak edə bilməyən Şəhriyar övladlıq borcunu əsərlərində onu minnətdarlıqla yad etməklə verməyə çalışıb.

Qürur duyduğu bu əziz insanın qarşısında borclu qaldığını dönə-dönə, kədərlə etiraf edib, “Heydərbabaya salam” poemasında ataya məhəbbətin sözlə gözəl pannosunu yaratmağa nail olub:Mənim atam süfrəli bir kişiydi,

El əlindən tutmaq onun işiydi,

Gözəllərin axıra qalmışıydı,

Ondan sonra dönərgələr döndülər,

Məhəbbətin çıraqları söndülər…Şəhriyarın atasının ölümünə fars dilində yazdığı qəsidədə dərin kədər və ağrı, eyni zamanda xəcalət hissi var:Oglundan ötrü eyləmiş əğyar tənələr,

Sarsıtdı qəlbini bəlkə bu tənələr, ata.

Sən rəhmdil, vəfalı, səh əhli-güzəşt idin,

Əfv et məni, bu olsa müyəssər əgər, ata.

Öldün özün, ürəkdə adın daima yaşar,

Çəkdim qəmində gər biləsən mən nələr, ata...Klassik Şərq poeziyasında dövrün adət-ənənələrinə uyğun olaraq ataya ailənin başçısı kimi daha böyük dəyər verilib. M.Şəhriyar da əsərlərində bu klassik əndazəni, nizamı gözləyib, anasına həsr etdiyi şeirlərində belə ilk əvvəl atasını xatırlamağı özünə borc bilib:Mənim atam süfrəli,duz-çörəkli kişiydi,

Ər ürəkli kişiydi.

Halal gəliri vardı. Heyhat dərdi çox idi.

Öləndə bircə illik xərcliyimiz yox idi.

O öləndə gözlərdən nə qədər yaş süzüldü.

Onun varı, dövləti, məhəbbəti, hörməti,

Sonsuz mirvarilərtək kirpiklərə düzüldü.

Arxasınca hələ də ah çəkir el sinəsi,

Bir rəhmət qafiləsi, məhəbbət qafiləsi.Şəhriyara görə, valideynini sevəni Allah da sevər, bəndə içində xətirli olar. Ustad sənətkarın şair Əbülfəzl Hüseynliyə ithafən yazdığı “El bülbülü” şeirində onun atası haqqında dediyi xoş sözlər bütün atalara olan hörmətinin təzahürü kimi başa düşülə bilər: Sənin atan bir şux, zərif kişiydi,

Xəlqi ayıq salmaq onun işiydi,

Şuxluqları agizlar kişmişiydi,

Hamı onu həsrətilən yad edir,

Əzizləyib rəhmətinən şad edirŞəhriyarın gənc həmkarına öyüdü, adi məsləhət çərçivəsindən çıxaraq gələcək nəsillərə çağırış kimi səslənir:Bu dünyada bizdən qalan bir səsdi,

Bu karvanın zəngi qalırsa, bəsdi,

Unutsa hər kəs atasın nakəsdi,

Unutmasan, sən atanı yad elə,

Ehsan ilə onun ruhun şad elə.Şəhriyarın anasına həsr etdiyi əsərlərdən söz açmazdan əvvəl, şairin yaxın dostu və məsləkdaşı Cavad Heyətin “Heydərbabaya salam” poemasının tarixçəsi ilə bağlı yazdıqlarını xatırlamaq istəyirəm: “Şəhriyar əvvəllər farsca yazırdı. Onun türkcə şeir yazmasına anası səbəb oldu. Bir gün Şəhriyar farsca yazdığı bir şerini evdə anasına oxuyur, anası heç nə demir. Amma əvvəllər Şəhriyar yazdığı şeri anasına oxuyanda o çox sevinərdi. Anasından xəstə olub-olmadığını soruşur. Anası farsca xəstə olmadığını söyləyir. Şəhriyar bu cavaba çaşıb-qalır. Anası evdə farsca danışırdı! Özünü tanıdığı gündən bəri evdə hər kəs türkcə danışırdı.

Şəhriyar heyrətlə anasından soruşur: “Ana, sən nə üçün farsca danışdın?”. Anası Şəhriyara cavab verir ki, sən türkcə şeir yazmırsan ki, mən də sənə türkcə cavab verəm. Şəhriyar öz-özünə söz verir ki, daha bundan sonra türkcə yazacağam. Elə həmin gün ilk türkcə şerini – “Heydərbabaya salam”ı yazmağa başlayır”. “Heydərbabaya salam” poemasının 1954-cü il ilk geniş nəşrinin müqəddiməsində Şəhriyar yazırdı: “O vaxt ki, mərhum anam Tehrana gəldi, onun sehrli təsiriylə keçmiş günlərin əyləncələri və uşaqlığımın şən, məsud anları yavaş-yavaş zehnimdə canlandı, ölülər dirildi və o zaman tablolar öz rənglərilə yenidən cızıldı”.

Özünə doğma olan ən yaxın insanın - anası Kövkəb xanımın 1952-ci ildə dünyasını dəyişməsi Şəhriyarı çox sarsıdır, könül dünyasını tar-mar edir. Həmin ağrının təsiri ilə yazılmış “Ey-vay, anam!” qəsidəsi təkcə Azərbaycan ədəbiyyatında deyil, dünya poeziyasında ana mövzusunda yazılmış ən təsirli poetik nümunə hesab olunur:Ata qüdrətli anam, bacı şəfqətli anam,

Kişi qeyrətli anam!

Yarımcan bir çırağın işığını yandıran,

Gözlərinin odunu

Töküb neft əvəzinə ocağı odlandıran.

Mənim qəhrəman anam,

Mənim mehriban anam!Şair hüznlə etiraf edir ki, onun həyatında bu qadının rolu əvəzsizdir, şair nəfəsini ondan alıb, həyatda əldə etdiklərinə görə məhz bu təmənnasız insandan gördüyü sevgiyə borcludur:Heç bilsən mənə bir vaxt nələr, nələr demiş o!

Həqiqətlər söyləmiş, əfsanələr demiş o.

Onun nağıllarıyla qanadlanmış xəyalım,

Bayatılar, laylalar, təranələr demiş o.

Beşiyimin başında gah gülmüş, gah ağlamış,

Qundağımın bağını nəğmələrlə bağlamış.

Mənim eşqim, ilhamım, hər nəyim var, onundur,

Bu qəmlər, bu ələmlər, bu misralar onundur.

Mən yazmıram, bəlkə də yazır indi bi şeiri

Onun qızıl şua tək könül titrəyişləri.

Mən onun sayəsində boya-başa çatmışam,

Anam məni yaratmış, mən aləm yaratmışam...Şəhriyarın gözündə ana bəşərin sütunudur. Bütün övladların, bütün cəmiyyətin ən ali vəzifəsi onu dəyərləndirmək, qədrini bilməkdir:Bəşərdə anaya ehtiram olsa,

Tökməz bir-birinin qanını əsla.

Dünyanı fəth etsə ana hörməti,

Yaradar dünyada əsil cənnəti

Belə söyləmişdir böyük Məhəmməd:

“Ana ayağının altıdır cənnət”.Hardan başlanır vətən? Ustad Şəhriyar üçün doğulduğu ocaqdan, bu ocaqda onu dünyaya gətirən valideynlərinə olan ehtiramından, onlara duyduğu sevgidən, övlad kimi hiss etdiyi qürurdan, övladlıq borcundan...

“Heydərbabaya salam” poemasının ibrətamiz sonluqla bitməsinin özündə bir rəmzi məna gizlənir-keçmişə sayğı, valideynə ehtiram...Heydərbaba, alçaqların köşk olsun,

Bizdən sonra qalanlara eşq olsun,

Keçmişlərin gələnlərə məşq olsun,

Övladımız məzhəbini danmasın,

Hər içiboş sözlərə aldanmasın!Poeziyasının mayası xəlqiliklə yoğrulan, doğulduğu xalqa qəlbən bağlı olan, milli soy-kökünə daim sayğı duyan, milli dəyərləri sevə-sevə təbliğ və tərənnüm edən, vahid Azərbaycan eşqi ilə yazıb yaradan ustad sənətkarı – “əvvəli sultani eşq, axırı ustadi-şeir Şəhriyar”ı anım günündə ehtiramla yad edir, ruhuna rəhmət diləyirik.

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası İğdırda

"Muhteşem Yüzyıl: Kösem"in aktyoru komaya düşdü

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
kulis.az

3Mənbələr