AZ

Dispetçerin yatması səbəbindən Korsikada təyyarə bir saat havada dövrə vurub

A320-nin enişi yalnız dispetçerin oyadılmasından sonra mümkün olub...

Poliqon xəbər verir ki, “Air Corsica” aviaşirkətinə məxsus Airbus A320 təyyarəsi Ajaççodakı Napoleon Bonapart hava limanına eniş etməyə hazırlaşarkən dispetçer qülləsindən cavab ala bilməyib.

The Times yazır ki, hadisə çərşənbə axşamı gecəyarısından sonra baş verib. Məlum olub ki, həmin vaxt növbədə olan yeganə dispetçer yuxuya gedib və uzunluğu 2400 metr olan uçuş-enmə zolağı işıqsız qalıb.

Məlumata görə, Parisdən gələn reys bir saat gecikdiyi üçün dispetçer təkbaşına gözləyirmiş. Pilotsuz vəziyyət yarananda ekipaj Ajaçço körfəzi üzərində dövrə vurmaq qərarı verib. Bu müddətdə hava limanının yanğınsöndürmə briqadası və jandarm xidmətləri dispetçerlə əlaqə yaratmağa çalışıblar. Təhlükəsizlik kilidlərinin qülləyə daxil olmağa çətinlik yaratmasına baxmayaraq, əməkdaşlar nəhayət otağa girərək dispetçeri masası arxasında yuxuda tapıblar. O, dərhal oyadılıb, uçuş-enmə zolağının işıqları yandırılıb və təyyarəyə eniş üçün icazə verilib. Nəticədə eniş uğurla başa çatıb.

Təyyarə komandiri hadisəni şərh edərkən bildirib: “Uzun illər karyeramda belə bir vəziyyətlə rastlaşmamışdım. Kiçik bir gecə ekskursiyası etdik, panika olmadı, hər kəs soyuqqanlılığını qorudu”. Onun sözlərinə görə, sərnişinlər insidenti yumorla qarşıladı.

Hadisədən sonra dispetçer narkotik və alkoqol testindən keçirilib, nəticələr mənfi olub. The Times yazır ki, Fransada hava hərəkəti dispetçerləri dövlət qulluqçusu sayılır və dünyanın ən yüksək maaş alanları sırasındadır. Onların illik qazancı 120 min avroya çata bilir və 50 yaşında vaxtından əvvəl pensiyaya çıxmaq hüququna malikdirlər.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr