Əfsanəvi fransız Tyerri Anri ÇL-in əsas mərhələsinin ilk turundan əvvəl ““Qarabağ” “Benfika”dan xal ala bilər” demişdi.
Anri “Qarabağ”ın qara qaşına, qara gözünə görə belə deməmişdi. O, peşəkardır, “Qarabağ”ın oyununu təhlil edərək bu qənaətə gəlmişdi.
“Qarabağ”ın oyunu artıq avropalıları da heyrətləndirir. Biz isə “Qarabağ”ın oyununa əsasən fikir söyləmək iqtidarında deyilik. Biz elə bilirdik ki, “Qarabağ”ı Lissabonda darmadağın edəcəklər.
Bir qorxu, xof vardı şüuraltı düşüncəmizdə. Nə yaradıb bu qorxunu? Cəmisi 2 ay əvvəl “Sabah”ın, “Zirə”nin, “Araz Naxçıvan”ın avrokuboklardakı biabırçı çıxışı, SOCAR-ın xalqın boğazından kəsib milyonlar verdiyi “Neftçi”sinin rəzil durumu.
Bütün yaş qruplarından olan milli komandalarımızın Avropada daim biabır olması bizi gözüqıpıq, qorxaq, xoflu edib. Anrinin üzərində bu xof, qorxu yoxdur, ona görə də “Qarabağ”ın oyununu peşəkar kimi təhlil edib proqnoz verir.
Bəs biz bu xofdan, qorxudan qurtula bilərik? Çox asandır: sadəcə tez-tez ürəyinizdə təkrar edin: “Qarabağ” Azərbaycan futbolu deyil, “Qarabağ” Azərbaycan futbolu deyil...