AZ

ADB Azərbaycanda özəl sektor layihələrinin keyfiyyətini yaxşılaşdıracaq

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Asiya İnkişaf Bankı (ADB) "Özəl sektor əməliyyatlarında inkişafa təsirin dərinləşdirilməsi" layihəsi çərçivəsində 2,19 milyon ABŞ dolları məbləğində texniki yardımın ayrılmasını təsdiqləyib. 

525.az ADB-yə istinadən xəbər verir ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olmaqla 42 ölkəni əhatə edir. 

Maliyyələşdirmə Xüsusi Texniki Yardım Fondu vasitəsilə təmin ediləcək.  

Bankın məlumatına görə, bu texniki yardım ADB-in bütün inkişaf etməkdə olan üzv ölkələrində özəl sektor əməliyyatlarında layihələrin keyfiyyətinin artırılmasına yönəldiləcək. 

"2030 Strategiyası çərçivəsində, regionumuzun qarşılaşdığı cari çağırışları nəzərə alaraq, ADB-nin üzv ölkələrə ərzaq təhlükəsizliyi problemlərinin həllində, rəqəmsal fərqin aradan qaldırılmasında, dayanıqlı enerji sistemlərinin inkişafında və iqlim dəyişikliyinə qarşı dayanıqlılığın gücləndirilməsində dəstək verməsinə təcili ehtiyac var. Bütün bu istiqamətlərdə daha cəsarətli, sürətli və sıx əməkdaşlıq içində hərəkət etmək lazımdır", - məlumatda qeyd olunub. 

Texniki yardım özəl sektorun inkişafını, regional əməkdaşlığı, rəqəmsal transformasiyanı, dayanıqlılığı və imkanların genişləndirilməsini təşviq etmək üçün maliyyə həlləri, bilik və tərəfdaşlıqların təmin edilməsinin yaxşılaşdırılmasına yönəlib. 

Texniki yardımın ümumi nəticəsi özəl sektor əməliyyatlarının inkişafa təsirinin artırılmasıdır. Bu nəticəyə nail olmaq üçün bir sıra komponentlər nəzərdə tutulub.

Buraya özəl sektora yüksək səmərəli investisiyaları stimullaşdırmağa yönəlmiş layihə portfelinin daha effektiv şəkildə formalaşdırılması və layihələrin işlənib hazırlanması; özəl sektor layihələrinin icrasının yaxşılaşdırılması; həmçinin özəl sektor vasitəsilə inkişafa təsirin qiymətləndirilməsi və bilik mübadiləsinin genişləndirilməsi daxildir. 

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.

Xatırladaq ki, ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
525.az

4Mənbələr