Ali, orta ixtisas və peşə təhsili müəssisələrində tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə gənclər təşkilatları tərəfindən elmi-praktiki konfranslar və digər tədbirlər həyata keçiriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Tədbirin əsas icraçısı Elm və Təhsil Nazirliyidir, digər icraçı qurumlar isə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və aidiyyəti dövlət orqanlarıdır (qurumları).
Dövlət Proqramına əsasən tələbələr arasında antinarkotik təbliğat işinin təşkili məqsədilə elmi-praktik konfranslarla və digər tədbirlərlə bağlı təkliflərin hazırlanması, ali və orta ixtisas təhsili müəssisələrində gənclər təşkilatları nümayəndələrinin tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.