AZ

Fransa büdcənin azaldılması fonunda ümummilli tətilə hazırlaşır

Bakı, 18 sentyabr, AZƏRTAC

Müəllimlər, qatar maşinistləri, əczaçılar və xəstəxana işçiləri cümə axşamı Fransada qarşıdakı büdcə kəsirlərinə qarşı etirazların bir hissəsi olaraq küçələrə çıxması gözlənilən işçilər arasındadır.

AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqları ictimai xidmətlərə ayrılan xərclərin, varlı şəxslərdən vergilərin artırılmasını, dövlət pensiya sistemindəki qeyri-populyar dəyişikliklərin ləğvini tələb edirlər.

“Reuters” agentliyinin məlumatına görə, sosial iğtişaşlar Prezident Emmanuel Makron və onun yeni təyin olunmuş baş naziri Sebastian Lekornunun üzləşdiyi siyasi böhran və ölkənin maliyyəsinə nəzarəti ələ keçirmək üçün təzyiqlər fonunda yaranıb.

Fransa Daxili İşlər Nazirliyindəki mənbə “Reuters”ə bildirib ki, tətil və etiraz aksiyalarında 800 minə qədər insanın iştirakı gözlənilir.

Ölkənin əsas həmkarlar ittifaqları əvvəlki hökumətin “qəddar” və “ədalətsiz” maliyyə planlarını pisləyən birgə bəyanatda bildiriblər ki, “təmsil etdiyimiz işçilər qəzəblidir”.

Keçən il Fransanın büdcə kəsiri Aİ-nin 3%-lik tavanından demək olar ki, iki dəfə artıq olub. Yeni Baş nazir onu azaltmaq üçün qanunvericilik bazasında digər partiyalara arxalanmağı düşünür, amma 2026-cı il büdcəsinə parlament dəstəyini təmin etmək məsələsində siyasi mübarizə ilə üzləşir.

Lekornu keçən həftə Fransua Bayrunun büdcəni 44 milyard avro ixtisar etmək planı səbəbindən parlamentin onu vəzifədən kənarlaşdırmasından sonra Baş nazir təyin edilib.

Daxili işlər naziri Bryuno Retayo BFM TV-yə bildirib ki, asayişi təmin etmək üçün 80 min polis və jandarm cəlb ediləcək.

Onun sözlərinə görə, mümkün təxribatlara və müxtəlif obyektləri bloklamaq cəhdlərinə qarşı çıxmaq üçün iğtişaşlara nəzarət bölmələri, dronlar və zirehli maşınlar gün ərzində gözləmə rejimində olacaq. Nazir, həmçinin qeyd edib ki, bəzi aqressiv qanunpozan şəxslərin polislə toqquşmalara cəhd edəcəyini gözləyir.

Seçilən
8
1
azertag.az

2Mənbələr