AZ

Azərbaycanın ilk opera dirijoru Əbdülmüslüm Maqomayevin doğum günüdür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 18-i Azərbaycan klassik musiqisinin yaradıcılarından biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin doğum günüdür.
Oxu.Az xatırladır ki, Ə.Maqomayev 1885-ci ildə Qroznı şəhərində anadan olub.
1899-1904-cü illərdə Qroznıda ikiillik şəhər məktəbini bitirdikdən sonra Qori Müəllimlər Seminariyasında oxuyub. Təhsil illərində musiqiyə böyük maraq göstərib, burada ilk əsərlərini yazıb, Üzeyir Hacıbəyovla tanış olub.
1905-11-ci illərdə Şimali Qafqazın Bekoviç kəndində, Lənkəran şəhər məktəbində müəllimlik edib. Məktəbdə xor, dram dərnəyi, orkestr təşkil edib, bir çox xalq mahnılarını nota yazıb.
1911-ci ildə Bakıya köçüb, opera teatrında skripkaçı işləyib. 1912-ci ildən etibarən opera tamaşalarına dirijorluq edən Müslüm Azərbaycanın ilk opera dirijoru olub.
1916-cı ildə yazdığı ilk əsəri - "Şah İsmayıl" operası onun fitri istedada malik olduğunu aydın göstərib. Azərbaycan opera repertuarında görkəmli və şərəfli yer tutan "Şah İsmayıl" əsəri, onun gözəl melodiyaları, əsərdə gördüyümüz surətlərin musiqi səciyyəsi mahir ustadın sənətə bəslədiyi saf və səmimi bir məhəbbətin gözəl nümunəsidir.
1927-ci ildə onun ümumi redaktəsi ilə "Azərbaycan türk el nəğmələri" məcmuəsi nəşr edilib. 1929-cu ildən Azərbaycan radio verilişlərinin musiqi şöbəsinə bədii rəhbər təyin olunub.
1934-cü ildən Azərbaycan Opera və Balet Teatrının direktoru, bədii rəhbəri və baş dirijoru vəzifələrində çalışıb.
Bəstəkarın "Nərgiz" operasında ilk dəfə olaraq baş qəhrəman rolunda sadə kəndli qızı çıxış edib.
1935-ci ildə böyük yaradıcılıq müvəffəqiyyəti olan "Nərgiz" operası ictimaiyyətin diqqətini cəlb edib, musiqi mütəxəssislərinin yüksək qiymətinə layiq görülüb. Klassik opera ənənələri əsasında bəstələnmiş "Nərgiz" operasının musiqi dili Azərbaycan xalq musiqisi intonasiyaları ilə aşılanıb.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə bu opera çox böyük müvəffəqiyyət qazanıb.
Ə.Maqomayev, həmçinin "Ölülər", "1905-ci ildə" dram tamaşalarına, "Azərbaycan incəsənəti", "Bizim raport" və s. sənədli filmlərinə musiqi bəstələyib. O, böyük sənətkar, tarzən Q.Pirimovun ifasında "Rast" muğamını nota yazıb və bu, Azərbaycan musiqisində muğamın nota yazılması sahəsində ilk təcrübə hesab edilib. Həmçinin 300-dən artıq xalq mahnı və rəqslərini nota köçürüb. Onun son əsəri "Xoruz bəy" musiqili komediyasına yazmağa başladığı musiqi idi, lakin bu iş tamamlanmamış qalıb.
1936-cı ildə Azərbaycan SSR-in "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
Ə.Maqomayev 1937-ci il iyun ayının 28-də Nalçik şəhərində vəfat edib, Bakıda dəfn olunub.
O, görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti,"Şöhrət Ordeni" laureatı Müslüm Maqomayevin babasıdır.
Seçilən
12
1
oxu.az

3Mənbələr