AZ

Deputat: Müstəqillik tariximizdə 20 sentyabr xüsusi yer tutur

2020-ci ilin Vətən Müharibəsindən sonra Azərbaycanın Qarabağ üzərindəki nəzarəti böyük ölçüdə bərpa olunsa da, Xankəndi və ətraf ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğu ölkənin suverenliyinə və regional təhlükəsizliyə ciddi təhdid idi.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqillik tarixində 20 sentyabr 2023-cü il xüsusi yer tutur: “Məhz bu tarixdə ərazi bütövlüyümüzün tam bərpası istiqamətində sonuncu mərhələ baş tutdu. Uzun illər işğal və separatçılıq altında olan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri üzərində dövlət suverenliyi tam şəkildə təmin olundu”, – deputat vurğulayıb.

Pərvanə Vəliyeva bildirib ki, həmin gün keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz silahlı dəstələr tərksilah edildi və şəhərlər Azərbaycanın tam nəzarətinə qaytarıldı: “Bu, təkcə siyasi deyil, həm də mənəvi ədalətin bərpası idi. Xüsusilə Xocalı şəhərinin azadlığı xalqımızın yaddaşında əbədi iz buraxmış soyqırımı qurbanlarının xatirəsinə ehtiramın ifadəsidir”.

Deputat əlavə edib ki, 20 sentyabr ərazi bütövlüyünün bərpası istiqamətində dönüş nöqtəsi oldu: “Həmin gün separatçı rejim süquta uğradı, 30 ilə yaxın davam edən münaqişəyə faktiki olaraq son qoyuldu və konstitusion quruluşumuz bərpa olundu. Bu baxımdan 20 sentyabr simvolik olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Azərbaycana qovuşma günü kimi tarixə düşdü”.

Onun sözlərinə görə, artıq bu ərazilərdə dövlət orqanları fəaliyyətə başlayıb, bərpa və yenidənqurma işləri aparılır: “Məqsəd dayanıqlı sülh və inkişafı təmin etmək, həmçinin şəhərlərin tarixi simasını qoruyaraq onları yenidən canlandırmaqdır”.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin 2023-cü ilin 15 oktyabrında Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağını ucaltması xalqımız üçün tarixi hadisədir: “Elə buna görə də dövlət başçısının sərəncamına əsasən hər il sentyabrın 20-si həmin şəhərlərin günü kimi qeyd olunacaq”, – deyə Pərvanə Vəliyeva əlavə edib.

Seçilən
66
olke.az

1Mənbələr