AZ

Aktotı Raimkulova: Üzeyir Hacıbəylinin irsi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının sərvətidir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

2025-ci il sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan müasir peşəkar musiqisinin banisi, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olur.

AZƏRTAC bu əlamətdar hadisə münasibətilə tanınmış musiqi və mədəniyyət xadimləri ilə silsilə söhbətləri davam etdirir. Sənətşünaslıq doktoru, professor, bəstəkar, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Üzeyir Hacıbəyli şəxsiyyətindən bəhs edib:

Üzeyir Hacıbəylinin irsi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının sərvətidir. O, türk ruhunun dərinliyini və orijinallığını qoruyub saxlamaqla, həm də milli melodiyaları, intonasiyaları, obrazları qlobal rezonans doğuran əsərlərə çevirməyə nail olub.

Hacıbəylinin musiqisi xalqlarımızın tarixini, dünyagörüşünü, mənəvi dəyərlərini dərk edə biləcəyimiz mədəni koddur. Onun “Koroğlu” və “Leyli və Məcnun” operaları Şərqdə ilk peşəkar opera əsərləri, Türk dünyasının musiqi mədəniyyətinin trayektoriyasını dəyişdirən həqiqi tarixi addım idi. Bu gün onun yaradıcılığı keçmişlə gələcək arasında əlaqədir, bizi Türk dünyasının zəngin irsini qoruyub saxlamağa və inkişaf etdirməyə ruhlandırır.

Bir bəstəkar kimi, mənim üçün Üzeyir Hacıbəyli yaradıcılığının şəxsi əhəmiyyəti hədsizdir. O, ənənə ilə yeniliyi birləşdirməyi bacaran əsl sənətkar nümunəsidir. Dahi bəstəkarın musiqisi təkcə səslənmir, hamı üçün anlaşılan insani hisslərin dili ilə nəfəs alır və danışır.

Onun folklorun, muğamın kökünü götürmək, onları akademik formaya çevirmək bacarığına heyran qalmamaq olmur, bu əsərlər qeyri-adi və dahiyanə musiqi nümunələridir. Hər bir bəstəkar əsrlərlə yaşayacaq musiqi yaratmaq arzusundadır. Hacıbəyli buna nail olub. Şəxsən mənim üçün o, öz xalqı üçün cəsarət, dərinlik və fədakarlıq nümunəsidir. Onun yaradıcılığı bizə xatırladır ki, incəsənət ənənə ilə müasirlik arasında körpü ola, eyni zamanda, Şərqlə Qərbin mədəni dialoq vasitəsinə çevrilə bilər.

Onun musiqisi həm peşəkarlar, həm də geniş ictimaiyyət tərəfindən sevilir və hörmətlə qarşılanır. Məsələn, “Arşın mal alan” musiqili komediyasından ariyaların, duetlərin həm uşaqlar, həm də böyüklər tərəfindən – məktəblərdə, həyətlərdə, şənliklərdə oxunması xalqın Hacıbəylinin bəstəkar kimi istedadına heyranlığını daha çox nümayiş etdirib.

Üzeyir Hacıbəylinin musiqisi ümumbəşəri gücə malikdir. O, humanizm, sülh, gözəllik və mənəvi yüksəliş dəyərlərini təcəssüm etdirir. Onun əsərləri türk xalqının təkcə qədim adət-ənənələrin qoruyucusu deyil, həm də qlobal mədəniyyətin fəal iştirakçıları kimi imicini dünyaya çatdırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının zəngin irsinin və mədəniyyətinin qorunub saxlanılması və beynəlxalq miqyasda təbliği istiqamətində fəal iş aparır.

Fondun prioritet fəaliyyət istiqamətlərindən biri də zəngin mədəni irsin, incəsənətin, folklor nümunələrinin, Türk dünyasının görkəmli bəstəkarlarının əsərlərinin təbliğidir.

Bildiyiniz kimi, bu il biz dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyini qeyd edir və Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Konservatoriya və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu ilə birgə təşkil etdiyi beynəlxalq simpozium keçiririk. Bu, əməkdaşlığın mədəni dünyamızın böyük adlarını qorumaq və populyarlaşdırmaq səylərini necə birləşdirdiyinin bariz nümunəsidir.

Onun musiqisini, ideallarını və prinsiplərini bütün dünyada təbliğ etməklə, öyrənməklə və populyarlaşdırmaqla, biz mədəniyyət və sülh səfirləri missiyasını yerinə yetirmiş oluruq. Həmçinin türk sivilizasiyasının dünya incəsənətinə çox böyük töhfə verdiyini nümayiş etdiririk. Biz bəşəriyyətə təkcə bir dahi şəxsiyyətin musiqi irsini deyil, həm də Türk dünyasının bütün mənəvi dərinliyini, dəyərlərini açırıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
azertag.az

2Mənbələr