AZ

Deputat: Daha qısa məsafə qət edən vətəndaş daha az ödəniş etməlidir

“İctimai nəqliyyat tariflərinin tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir. Lakin bununla belə, biz ictimai nəqliyyatla bağlı bir sıra təkliflərimizi artıq təqdim etmişik”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, bu təkliflər arasında bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, fərqli kartların tətbiqi və məsafədən asılı olaraq ödənişin hesablanması mexanizmi də var:

“Hazırda sərnişin bir stansiya gedəndə də, on stansiya gedəndə də eyni məbləğdə ödəniş edir. Halbuki, daha qısa məsafə qət edən vətəndaş daha az ödəniş etməlidir. Eyni zamanda gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var. Bu, bir tərəfdən, ictimai nəqliyyatı idarə edən şirkətlərə daha çox investisiya cəlb etməyə imkan verə bilər, digər tərəfdən isə ictimai nəqliyyatdan mütəmadi istifadə edən vətəndaşlar üçün daha əlverişli olacaq. Onlar bu kartlardan istifadə etməklə normal tariflərlə müqayisədə daha az vəsait xərcləyə biləcəklər. Həmçinin, inkişaf etmiş ölkələrdə olduğu kimi, həssas qruplar üçün güzəştlərin tətbiqi təklif olunur. Bu, xüsusilə tələbələr və təqaüdçüləri əhatə edir. Təklif edirik ki, həmin vətəndaşlar ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə edə bilsinlər. Dünyanın əksər ölkələrində bu praktika mövcuddur və biz də bunun Azərbaycanda tətbiq edilməsinin tərəfdarıyıq. Bu istiqamətdə təkliflərimizi təqdim etmişik”.

Leyla Turan
Demokrat.az
Seçilən
4
1
demokrat.az

2Mənbələr