AZ

Əmək haqqının gəlir vergisindən azad edilməsi güzəşti artırılmasa, kölgə iqtisadiyyatı yenidən genişlənə bilər

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,05 % çoxdur.

İqtisadçı Valeh Umarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2019-ci ilə qədər dövlət sektorunda olduğu kimi özəl sektorda da, yəni müəssisələrdə və fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslərdə işləyən işçilərin aylıq gəlirlərindən gəlir vergisi tutulurdu: “2019-cu il yanvarın 1-dən 7 il müddətində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-1 maddəsinə əsəsən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən tutulan gəlir vergisinə güzəşt tətbit edildi. Belə ki, həmin güzəştə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan hissənin 14%-i məbləğində müəyyən edildi”.

İqtisadçı qeyd edib ki, sözügedən güzəştin tətbiq olunmasında məqsəd rəsmi məşğulluğu artırmaq, kölgə iqtisadiyyatının azaldılmasına nail olmaq, əmək bazarını canlandırmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarət idi.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə cəlb edilməsi üçün yüksək məbləğlərdə cərimə və sanksiyalar nəzərdə tutulsa da bəzi sahibkarlıq subyektləri bu kimi neqativ hallara yol verərək işçilərlə rəsmi əmək müqaviləsi bağlamaqdan boyun qaçırırdılar. Bu da öz növbəsində ölkədə kölgə iqtisadiyyatının genişlənməsinə, dövlət büdcəsinə daxil olan vergilərin azalmasına, əmək müqaviləsi üzrə işləməyən şəxslərin pensiya kapitalının azalmasına səbəb olurdu. 7 illik güzəşt müddətində qeyri-dövlət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərində əmək haqqının gəlir vergisindən azad edilməsi işəgötürənləri əməkdaşlarını rəsmi qeydiyyata almağa daha çox həvəsləndirirdi”-deyə Valeh Umarov bildirib.

Valeh Umarov qeyd edib ki, Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin yanvar-iyun dövrü üçün ölkə üzrə orta aylıq nominal əmək haqqı olaraq açıqlanmış 1097,30 manat üzərindən hesablasaq, güzəşt ləğv olunacağı təqdirdə, artıq işçilərin aylıq əmək haqlarından məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları ilə yanaşı 125,62 manat məbləğində gəlir vergisi də tutulacaq.

İqtisadçı hesab edir ki, güzəşt nəticəsində sadalanan problemlər xeyli dərəcədə aradan qaldırılıb, bu səbəbdən də güzəşt müddəti 2026-cı ilin yanvar ayının 1-i başa çatacaq və güzəşt müddətinin artırılacağı gözlənilmir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
39
bizimyol.info

10Mənbələr