6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
Səhərin ilk işıqları şəhərin üstünü ipək kimi örtəndə, sanki zaman bir anlıq dayanır, hər daşın, hər küçənin, hər nəfəsin içindən tarix boyu yaşadığımız bütün hisslər süzülür. Uzaqdan gələn muğam sədaları qulaqlara dolarkən, bu torpağın ruhu sanki sözsüz danışır.
Hər nəfəsdə, dalğalanan hər bayraqda, qocaman qala divarlarının hər daşına hopmuş tarixdə bir musiqi nəfəsi var. O musiqi ki, yalnız notlardan ibarət deyil - o, xalqın yaddaşı, minillərin dərdi, sevinci, qüruru və mübarizəsidir.
Bir uşaq nənəsinin laylasında bu sədaları eşidib sakitləşir, bir igid dastan nəğmələrində ruh tapır, bir aşiq sazının titrək simində məhəbbətin izinə düşür. Və o an anlayırıq ki, bu torpaq heç vaxt səssiz olmayacaq, çünki onun ürəyində həmişə bir musiqi çalır.
Azərbaycanın mədəniyyət yolunu işıqlandıran bir ulduz var: Üzeyir Hacıbəyli. Onun adı çəkiləndə qulaqlarda muğamın səsi, gözlərdə səhnənin işığı, ürəklərdə milli qürur titrəyir. Üzeyirin musiqisi sanki bu torpağın damarlarından axan qan kimi canlı, dağ çayları kimi coşqun, Xəzərin dalğaları kimi əzəmətlidir. Onun yaratdığı əsərlər millətin yalnız musiqi yaddaşı deyil, eyni zamanda onun ruhunun poetik salnaməsidir. Bu gün Azərbaycan musiqisi dünyaya təqdim olunanda, hər bir səhnədə, hər bir festivalda, hər bir dinləyicinin qəlbində Üzeyirin nəfəsi var. O, Şərqin muğamını Qərbin simfoniyası ilə birləşdirərək yeni bir mədəniyyət körpüsü qurdu və bu körpü bu gün də bizi dünya ilə bağlayır.
Məhz buna görə də Milli Musiqi Günü sadəcə peşəkar musiqiçilərin bayramı deyil. Bu gün hər bir azərbaycanlının, bu torpağın ruhuna könül verən hər bir insanın bayramıdır. Bu, milli musiqimizin zənginliyinə, mənəvi sərvətimizin əzəmətinə, mədəniyyətimizin sarsılmaz dayaqlarına həsr edilmiş bir gündür. O gün ki, biz yalnız keçmişə baxmır, həm də gələcəyə inamla addımlayırıq – çünki bu musiqi bizi həm tariximizə bağlayır, həm də gələcək nəsillərə işıq tutur.
Bu günün anlamı və önəmi ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Əsgərova bildirib ki, bu gün yalnız musiqiçilərin deyil, həm də bütün musiqisevərlərin bayramıdır. Dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyəti və incəsənətinə elə bir təməl qoyub ki, artıq iki əsrə yaxın bir müddətdir bu möhkəm bünövrə üzərində dayanaraq milli musiqimizi dünya səviyyəsinə çıxarmaq imkanına malik olmuşuq. Onun yaratdığı irs təkcə melodiyalarla məhdudlaşmır - bu, xalqın mənəvi dəyərlərinin, tarixi yaddaşının və milli ruhunun ifadəsidir:
"Üzeyir Hacıbəyli yalnız musiqi sahəsində deyil, bütövlükdə Azərbaycanın milli-mənəvi mühitinin formalaşmasında müstəsna rol oynayıb. Xalq yaradıcılığı və xalq musiqisi məhz onun fəaliyyəti nəticəsində peşəkar səviyyədə dünyaya tanıdılıb. Muğamlarımız “Leyli və Məcnun” operasının timsalında, aşıq musiqisi isə “Koroğlu” operası vasitəsilə qlobal səviyyədə təqdim olunub. Klassik musiqimizdən tutmuş dastan və qəhrəmanlıq mövzularımıza, məhəbbət və fəlsəfi-bədii ideyalara qədər bütün janrlarda onun nəfəsini duymaq mümkündür".
Vüsalə Əsgərova: Azərbaycan xalqı yaşadıqca, Üzeyir Hacıbəylinin musiqisi də yaşayacaq
Onun sözlərinə görə, Üzeyir Hacıbəylinin irsi təkcə bəstələrdən ibarət deyil:
"O, musiqi elminin nəzəri və praktik əsaslarını işləyib hazırlayaraq milli musiqinin elmi əsaslarını möhkəmləndirib. Bəstəkarın yaratdığı məktəb bu gün də Azərbaycan musiqi mədəniyyətinin inkişafında əsas dayaqlardan biri olaraq qalır. Onun musiqisində və elmi yazılarında Azərbaycanın tarixinə, dəyərlərinə və milli ruhuna sevgi aydın görünür".
Müsahibimiz onu da xatırladıb ki, hər il Hacıbəylinin əsərlərinə və elmi irsinə müraciət olunur, lakin mövzular heç vaxt tükənmir. Yeni baxışlar, yeni yanaşmalar tapılır. Bu, onun yaradıcılığının zənginliyini və bitib-tükənməz dərinliyini göstərir. Azərbaycanın hər bir guşəsində, hər bir nəfəsində üzeyir nəfəsi duyulur. Bu səbəbdən Milli Musiqi Günü həm də milli ruhun, mədəni irsin və birliyimizin rəmzidir:
"Bu gün həm də başqa bir böyük şəxsiyyət - Müslüm Maqomayevin doğum günüdür. Hər iki dahilərin eyni gündə anılması təsadüfi deyil; onlar milli musiqi mədəniyyətinin inkişafında bir-birinə yaxın və tamamlayıcı simalar olublar. İnanırıq ki, əsrlər keçsə belə, Azərbaycan xalqı yaşadıqca, Üzeyir Hacıbəylinin musiqisi də yaşayacaq. Onun yaratdığı melodiyalar, irəli sürdüyü ideyalar və qoyduğu təməl Azərbaycan mədəniyyətinin əbədi simvolu olaraq qalacaq. Bu münasibətlə bütün xalqımızı və musiqisevərləri ürəkdən təbrik edirik: Azərbaycan var olduqca, milli musiqimiz və Üzeyir Hacıbəylinin ruhu daim yaşayacaq",- fəlsəfə doktoru fikrini belə yekunlaşdırıb.
Milli Musiqi Günü təqvimdəki bir tarixdən daha çox xalqımızın ruhunu yaşadan, keçmişin zəngin irsi ilə gələcəyin ümidlərini birləşdirən müqəddəs bir körpüdür. Üzeyir Hacıbəylinin yaratdığı musiqi bu torpağın nəfəsi, mədəniyyətimizin bünövrəsi, milli kimliyimizin ən parlaq ifadəsidir. Onun əsərləri təkcə Azərbaycanı deyil, bütün dünyanı heyran qoyaraq milli musiqimizin sərhədlərini genişləndirmiş, bizi qlobal mədəniyyət xəritəsinə daxil etmişdir.
Bu gün biz sadəcə bir bəstəkarı yad etmirik, biz öz köklərimizi, yaddaşımızı və milli ruhumuzu anırıq. Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi digər dahilərin də bu bayram çərçivəsində xatırlanması Azərbaycan musiqisinin necə zəngin və çoxsəsli bir irsə sahib olduğunu bir daha göstərir. Bu irs yalnız klassik səhnələrdə deyil, xalq mahnılarında, aşıq havalarında, müasir bəstəkarların əsərlərində də yaşayır və hər yeni nəslə milli dəyərlərimizi ötürür.
Əsrlər keçsə də, bu musiqi heç vaxt köhnəlməyəcək, çünki onun sədalarında bir millətin yaddaşı, sevinci, kədəri və qüruru var. Üzeyir Hacıbəylinin nəfəsi yaşadıqca Azərbaycan musiqisi yaşayacaq, Azərbaycan musiqisi yaşadıqca isə bu xalqın ruhu heç vaxt susmayacaq. Bu, bizim milli varlığımızın, mədəni müstəqilliyimizin və dünyaya verdiyimiz ən dəyərli hədiyyələrdən birinin əbədi rəmzidir.
Əli Hüseynov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb