AZ

Qadın yatan bacısının çarpayısını yandırdı

Ajans.az xəbər verir ki,bu barədə People nəşri məlumat yayıb. Hadisə Luisvill şəhərində baş verib. İttiham aktına görə, Addison Braun may ayında bacısı yatarkən onun altındakı döşəyi qəsdən yandırıb. Yuxudan oyanan gənc qadın çarpayının alışdığını görüb və yastıqla yanğını söndürməyə müvəffəq olub. Hadisə yerinə yanğınsöndürənlər vaxtında çatıb, alovun yayılmasının qarşısını alıblar. Hadisə zamanı evdə biri azyaşlı olmaqla ümumilikdə beş nəfər olub. Şans əsəri xəsarət alan olmayıb. İstintaqın gedişində məlum olub ki, Addison Braun hadisə yerindən qaçıb, lakin daha sonra bir neçə tanışına bacısını öldürmək niyyəti ilə çarpayını yandırdığını etiraf edən mesajlar göndərib. Həmin mesajlar polis tərəfindən sübut kimi təqdim edilib. Braun sentyabrın 12-də (cümə günü) saxlanılıb və ona qarşı birinci dərəcəli yandırma və qəsdən adam öldürməyə cəhd maddələri üzrə cinayət işi açılıb. Kentukki qanunvericiliyinə görə, birinci dərəcəli yandırma 20 ildən 40 ilə qədər, adam öldürməyə cəhd isə əlavə 20 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Braunun bu dəhşətli əməli hansı səbəbdən törətdiyi hələ ki, rəsmi olaraq açıqlanmayıb. İstintaq davam edir.

 

Seçilən
17
Ajans.az

1Mənbələr