AZ

"İsrail beynəlxalq təcridlə üz-üzədir, mədəniyyət və idman isə siyasətin kölgəsində qalır" - "Politico"

"Yaxın Şərq münaqişəsi artıq bütün dünyanı siyasi və mənəvi seçim qarşısında qoyub..."

Avropa, ərəb ölkələri və beynəlxalq təşkilatlar İsrailin Qəzzadakı hərbi əməliyyatları fonunda yeni addımlar atır. Sanksiyalar, məhkəmə iddiaları, boykot çağırışları və diplomatik bəyanatlar - bütün bunlar Yaxın Şərq münaqişəsinin artıq yalnız regional deyil, qlobal siyasi və mədəni böhran yaratdığını göstərir.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Avropa Komissiyasının təklifi

Avropa Komissiyası İsrailə qarşı ilk dəfə rəsmi sanksiya paketini gündəmə çıxarıb. Təklifdə İsrailin iki naziri - Besalel Smotriç və İtamar Ben-Qvirə fərdi sanksiyalar, ticarət imtiyazlarının dayandırılması və layihələr üçün nəzərdə tutulan 20 milyon avronun dondurulması nəzərdə tutulur. Lakin Avropa İttifaqı daxilində yekdil mövqeyin olmadığı açıq görünür.

Xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, məqsəd "İsraili cəzalandırmaq deyil, Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaqdır". İsrail xarici işlər naziri Gideon Saar isə sərt reaksiya göstərərək, Avropanın bu mövqeyini "mənəvi və siyasi cəhətdən təhrif olunmuş" adlandırıb və xəbərdarlıq edib ki, atılacaq addımlar əslində Avropanın öz maraqlarına zərbə vuracaq.

Qətərin Haaqa müraciəti

Eyni zamanda Qətər hökuməti İsrailə qarşı hüquqi müstəvidə mübarizə aparmaq üçün xüsusi hüquqşünaslar qrupu yaradıb. Qrupun rəhbəri, dövlət naziri Məhəmməd əl-Hulayfi Haaqaya səfər edərək Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri ilə görüşüb. Doha İsrailin Qətər ərazisinə raket zərbəsini "suverenliyə qarşı kobud hücum" adlandırır və məsuliyyətin beynəlxalq səviyyədə təmin olunacağını bildirir.

Mədəniyyət və idmanda böhran

İsrail əleyhinə təzyiq mədəniyyət və idman sahələrinə də sirayət edib. "Politico" yazır ki, "Avroviziya" mahnı müsabiqəsi "varlıq böhranı" yaşayır. İspaniya, İrlandiya, Sloveniya və Niderland İsrailin iştirak edəcəyi təqdirdə yarışmadan çəkiləcəklərini açıqlayıb. Bununla yanaşı, Almaniya, Böyük Britaniya və Danimarka əks mövqedən çıxış edir. 

Ekspertlər bu gərginliyin yarış tarixində ən ciddi sınaq ola biləcəyini deyirlər. İspaniya hökuməti isə daha da irəli gedərək, İsrailin beynəlxalq idman yarışlarından kənarlaşdırılmasını tələb edib. Amma Beynəlxalq Olimpiya Komitəsi bu çağırışı rədd edərək, İsrailin Olimpiya Xartiyasına uyğun davrandığını və iştirak hüququnu qoruyacağını bəyan edib.

Dohadakı hücum və HƏMAS-ın açıqlamaları

Bu hadisələr fonunda Dohada İsrailin raket zərbəsindən sağ çıxan HƏMAS liderlərindən biri - Razi Həmid "Əl-Cəzirə"yə danışıb. Onun sözlərinə görə, görüş keçirilən binaya bir dəqiqədən az müddətdə 12 raket düşüb. Həmid bildirib ki, məqsəd yalnız təşkilat üzvləri deyil, bütün Fələstin xalqıdır və bu, "ərəb birliyinin möhkəmliyini tələb edir".

O, həmçinin ABŞ-ı vasitəçilikdə etibarsızlıqda günahlandıraraq, Vaşinqtonu İsrailin "soyqırımında şərik" adlandırıb. ABŞ prezidenti Donald Trampın HƏMAS-a əsirləri azad etmək çağırışına isə sərt cavab verib: "Biz göstəriş qəbul etmirik, əsirlərlə öz dəyərlərimizə uyğun rəftar edirik".

Beləliklə, İsrail ətrafında yaranmış diplomatik, hüquqi, mədəni və hərbi gərginliklər paralel şəkildə dərinləşir. Avropa İttifaqı daxilində fikir ayrılığı, Qətərin hüquqi hücumu, "Avroviziya"da və Olimpiya arenasında gedən mübahisələr, eləcə də HƏMAS-ın sərt bəyanatları göstərir ki, Yaxın Şərq münaqişəsi artıq bütün dünyanı siyasi və mənəvi seçim qarşısında qoyub.

Seçilən
19
1
moderator.az

2Mənbələr