AZ

"Azərbaycanın yeni tarixi məhz bu zəfərlə yazıldı və gələcək nəsillərə əbədi miras qoyuldu" - DEPUTAT

"Azərbaycanın yeni tarixi məhz bu zəfərlə yazıldı və gələcək nəsillərə əbədi miras qoyuldu" - DEPUTAT"II Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının milli iradəsinin, dövlətin qətiyyətli siyasətinin və ordumuzun gücünün parlaq təcəssümüdür. Uzun illər davam edən danışıqlar prosesi nəticəsiz qaldı, Ermənistan isə 2018-ci ildən sonra da münaqişənin sülh yolu ilə həlli istiqamətində real addımlar atmadı. Əksinə, yeni hakimiyyət də əvvəlkilər kimi vaxtı uzatmaq siyasətini seçdi, sülh təkliflərini rədd etdi və münaqişənin həllini sıfırdan başlayacağını bəyan etdi. Bu yanaşma faktiki olaraq işğalın davam etdirilməsinə xidmət edirdi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, bu Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna rolu xüsusi qeyd olunmalıdır:

"Azərbaycan isə bu vəziyyətə seyrçi qala bilməzdi. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın hərbi təxribatları və yeni təcavüz planları ölkəmizi məcbur etdi ki, öz gücünə arxalanaraq haqq savaşına başlasın. 44 gün davam edən müharibə xalqımızın birliyi, ordumuzun peşəkarlığı və dövlətimizin siyasi iradəsi sayəsində böyük qələbə ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi, işğal altındakı torpaqlarımızın böyük hissəsi azad olundu, düşmən geri çəkilməyə məcbur qaldı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad olunması isə Azərbaycanın möhtəşəm diplomatik və hərbi üstünlüyünün nəticəsi oldu.

Bu Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna rolu xüsusi qeyd olunmalıdır. Onun illərlə apardığı prinsipial siyasət, beynəlxalq müstəvidə nümayiş etdirdiyi qətiyyətli mövqe, ordunun gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar və xalqı ətrafında səfərbər etməsi qələbənin əsas təminatçısı oldu. Ali Baş Komandanın müharibə günlərində göstərdiyi siyasi iradə, diplomatik məharət və hərbi rəhbərlik qabiliyyəti Azərbaycanın haqq savaşını tarixi qələbə ilə başa vurmasına imkan verdi.

Bu qələbə ilə Azərbaycan 30 ilə yaxın icra olunmamış BMT qətnamələrini özü yerinə yetirdi, beynəlxalq hüququ bərpa etdi və haqqın, ədalətin qalib gəldiyini bütün dünyaya nümayiş etdirdi. Qarabağ zəfəri təkcə hərbi uğur deyil, həm də xalqın milli qürurunun, müstəqillik iradəsinin, dövlətçilik gücünün və Ali Baş Komandanın müdrik rəhbərliyinin ən parlaq simvoluna çevrildi. Azərbaycanın yeni tarixi məhz bu zəfərlə yazıldı və gələcək nəsillərə əbədi miras qoyuldu".

Seçilən
14
sonxeber.az

1Mənbələr