AZ

Milli Musiqi Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

Tbilisi, 18 sentyabr, AZƏRTAC

Azərbaycanın mədəni həyatında xüsusi önəm daşıyan iki mühüm tarix– Milli Musiqi Günü və dahi bəstəkar, böyük ziyalı, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açaraq Azərbaycan Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra Azərbaycanın Gürcüstandakı sədirliyinin birinci katibi Ramiz Hacızadə çıxış edərək Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan musiqi sənətinin inkişafındakı rolundan söz açıb.

Bildirib ki, Üzeyir bəy Hacıbəyli yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq musiqisinin tarixində yeni bir səhifə açmış böyük şəxsiyyətdir. Onun yaratdığı əsərlər milli musiqi mədəniyyətimizin zənginliyini, xalqımızın ruhunu, azərbaycançılıq ideyasını ən yüksək səviyyədə təcəssüm etdirir.

Diplomat qeyd edib ki, Dövlət Himnimizin bəstəkarı olan Üzeyir Hacıbəyli "Leyli və Məcnun” operası ilə Şərqdə ilk operanın əsasını qoyub, Azərbaycanı dünya mədəniyyət xəritəsində xüsusi bir zirvəyə yüksəldib.

Onun sözlərinə görə, Milli Musiqi Günü ölkəmizin musiqi irsini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

R.Hacızadə belə bir tədbirin Gürcüstan paytaxtında keçirilməsinin iki dost və qardaş ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini xüsusi qeyd edib.

Sonra tədbir mədəni proqramla davam edib. Aşıq Nargilə Mehtiyeva və gürcü pianoçu Levan Çixaidze ilə birlikdə “Sarı gəlin” mahnısını, N.Mehtiyeva sazda "Ruhani", gənc tarzən Ramin Pirməmmədov Azərbaycan xalq və bəstəkar mahnılarını ifa ediblər.

Daha sonra Azərbaycan musiqisindən bəhs edən təqdimat olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
4
1
azertag.az

2Mənbələr