AZ

Rəqabətə tab gətirməyən dövlət şirkətinə süni yollarla üstün mövqe qazandırmaq yolverilməzdir » AzadMedia.az



İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkədəki paylaşımında bildirib ki, artıq Heydər Əliyev Beynəlxalq Aeroportunda yalnız dövlətə məxsus “Bakı Taksi Xidməti” fəaliyyət göstərə biləcək. Onun sözlərinə görə, digər taksi şirkətləri – özəl sektora məxsus olanlar hava limanı ərazisindən sərnişin götürərək şəhərə apara bilməyəcəklər.

Yeni qaydalara əsasən, “Bakı Taksi Xidməti” üçün tariflər də təsdiqlənib. Əvvəllər 10-15 manata başa gələn gedişlər indi məsafədən asılı olaraq 25-30 manat müəyyən edilib.

Azərbaycan Hava Yolları (AZAL) bu qərarı izah edərkən bildirib ki, hava limanı ərazisində nizamsız fəaliyyət göstərən və müvafiq təlim keçməyən taksi sürücüləri şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərir.

Osman Gündüz isə hesab edir ki, rəqabətə tab gətirməyən dövlət şirkətinə süni yollarla üstün mövqe qazandırmaq yolverilməzdir:
“Bu addım vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına, bazarda rəqabətsiz mühitin formalaşmasına gətirib çıxarır. Həm AZAL, həm də “Bakı Taksi Xidməti” AZCON Holdinqin tərkibinə daxildir. Ancaq bu holdinqin bazarda rəqabəti təşviq etmək əvəzinə, öz qurumlarına hökmran mövqe qazandırması narahatlıq doğurur”.

Ekspert əlavə edib ki, hava limanı rəhbərliyi digər taksi şirkətlərindən istifadə üçün sərnişinlərə xüsusi dayanacaq yeri də ayırmayıb.
“Ümid edirəm Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələyə biganə qalmayacaq”, – deyə Osman Gündüz qeyd edib.

Seçilən
10
1
azadmedia.az

2Mənbələr