AZ

Yeni dünya düzəni və diaspor quruculuğunun müasir prinsipləri...


Bu gün qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor və lobbi təşkilatlarının rolunu daha da artırıb. Hər hansı bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti, həmçinin, millətinin həmrəyliyi ilə müəyyən edilir.

Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Ona görə də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər.

Diasporumuz əsasən müstəqillik illərindən sonra formalaşıb

Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin, münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir. Hazırda əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar yaradır, ölkə həqiqətlərini dünyaya çatdırır və dövlətə dəstək nümayiş etdirirlər. Azərbaycan diasporu deyəndə əsasən müstəqilliyin bərpasından sonra xaricə köçmüş azərbaycanlıların formalaşdırdığı təşkilatlar başa düşülür. Doğrudur, cümhuriyyət dönəmində də xaricə köçmüş və mühacir həyatı yaşayan azərbaycanlılar müəyyən təşkilatlar qurub və fəaliyyət göstəriblər. Ancaq Azərbaycan diasporu əsasən müstəqillik illərindən sonra formalaşıb. Əlbəttə, bu illər ərzində müəyyən inkişaf var, xeyli işlər görülüb, amma bu yetərli deyil. Əvvəlki dönəmlərdə Azərbaycan diasporunun inteqrasiya problemi var idi. Bu məsələ birinci nəsil azərbaycanlılar arasında özünü daha çox biruzə verirdi. İndi xüsusilə Avropa və ABŞ-də ikinci nəsil azərbaycanlıların sayıçoxalıb.

Vətən müharibəsindən sonra Azərbaycan diasporu üçün yeni prinsiplərlə fəaliyyət dövrü başlayıb

İndi diaspor quruculuğu üçün tam yeni beynəlxalq şərait yaranıb. Burada söhbət ondan gedir ki, 2020-ci ilə qədər fərqli bir beynəlxalq mühit var idi. Məsələ ondadır ki, Azərbaycan işğala məruz qaldığı üçün məğlub tərəf kimi assosiasiya olunurdu. Aparıcı dünya dövlətləri də əsasən Ermənistanın tərəfində idilər. Belə bir mürəkkəb şəraitdə Azərbaycanın diaspor quruculuğunun və diaspor fəaliyyətinin ayrı prinsipləri var idi. Ancaq 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra bir qədər fərqli beynəlxalq mühit yarandı. Azərbaycan diasporu üçün artıq yeni prinsiplərlə fəaliyyət göstərməyin dövrü gəldi. Uzun illərdən sonra ərazilərimiz işğaldan azad edildi, bu dəfə ermənilər əks mövqedən hücum etməyə çalışırdılar, beynəlxalq müstəvidə Azərbaycana təzyiq göstərilməsinə, müharibənin nəticələrinin dəyişdirilməsinə çalışırdılar və s. Bu zaman diaspor quruculuğumuzun ayrı prinsipləri var idi. Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin bəndləri paraflanandan sonra tam yeni və fərqli mühit yaranıb. Artıq praktiki olaraq müharibənin nəticələrini dəyişmək cəhdi demək olar yoxdur. Çünki başa düşürlər ki, belə bir addımı atmaq cəhdi dəli olmaq əlamətidir. Yəni ağlı başında olan adam bunu etməz. Ona görə ki, məsələ artıq həll olunub və tam başqa fərqli mühit yaranıb və Azərbaycanın yaratdığı reallıqlar qəbul olunub. Tamamilə yeni bir müstəvi yaranıb. Belə şəraitdə Azərbaycanın diaspor quruculuğunun və diaspor fəaliyyətinin əsas prinsipləri və formaları nədən ibarət olmalıdır?

Yeni dövrün tələblərinə uyğun olaraq lobbi fəaliyyətləri qurulmalıdır

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı buna bir neçə prizmadan yanaşdı: “Diaspora məsələsi, çox aktual məsələdir. Dəfələrlə xarici ölkələrdə səfərlərdə olanda diaspora fəalları ilə görüşmüşəm. Konkret olaraq İsveç və Almaniyada mənim belə görüşlərim olub. Almaniyadakı görüşümüz daha uzunmüddətli oldu. Çünki biz 3 şəhərdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirdik. Onu da qeyd edim ki, İsveçdəki diasporanın əsas hissəsi Cənubi Azərbaycandan olan azərbaycanlılardan ibarət idi. Rəhbərləri də oradan gəlmiş mühacirlər idi. Almaniyadakılar isə əsasən Azərbaycan Respublikasından getmiş mühacirlər idi. Yəni diasporamızın 7-8 il əvvəlki problemi ondan ibarət idi ki, diasporamızda iki meyl var idi. Biri dövlətə, millətə, hakimiyyətə daha yaxın və o mövqeyi müdafiə edənlər. İkincisi isə acıqlı, yəni hakimiyyətdən narazı kütlə idi. Onların da əsas məqsədi narazılığı əlində əsas tutub xaricdə oturum almaq idi. O vaxt diasporamızın vəziyyəti o qədərdə yaxşı deyildi. Ancaq artıq vəziyyət dəyişib. Azərbaycan dünyada qalib dövlət imicini qazanıb. Üstəlik, xaricdə təhsil alan azərbaycanlıların sayı da artıb. Ölkəmizi təmsil edən yüksək səviyyəli mütəxəssislərimizin sayı da artıb. O baxımdan bəli, diasporamız özünü yenidən qurmalıdır. Birincisi, diaspor fəaliyyətində əsas hədəf o olmalıdır ki, ordakı bütün azərbaycanlıları Azərbaycan dövlətçiliyinə xidmət, azərbaycançılıq ideologiyası altında birləşdirmək. Şəxsi umu-küsülər kənarda qoymalıdılar. Çünki qalib dövləti, qalib ordusu və qalib prezidenti var. Dünya da bunu qəbul edir. Ona görə də bu müstəvidən çıxış edib dövlətə əllərindən gələn köməyi etməlidilər. İkincisi, onlar çalışmalıdılar ki, yeni dövrün tələblərinə uyğun olaraq lobbi fəaliyyətlərini qursunlar. Xarici media və digər təşkilatlarla əlaqələr qursunlar. Yaxşı ofisləri olsun. Orada Azərbaycan tarixini, mədəniyyətini, dövlətimizin müasir siyasətini təbliğ etsinlər. Bununla bağlı eksponatlar olmalıdır. Gələn qonaqları tanış etmək üçün. Hesab edirəm ki, buna imkan var. İşlər bu cür qurularsa, Azərbaycan diasporu millətə, dövlətə daha yaxşı xidmət etmiş olacaq”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
13
baki-xeber.com

1Mənbələr