AZ

CGT həmkarlar ittifaqı: Fransada bir milyondan çox insan etiraz aksiyalarında iştirak edib

ain.az, Azertag saytına istinadən bildirir.

Paris, 18 sentyabr, AZƏRTAC

Fransada 18 sentyabr ümummilli etiraz aksiyalarında bir milyondan çox insan iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə CGT həmkarlar ittifaqı məlumat yayıb. Aksiyalar hökumətin elan etdiyi büdcə ixtisarlarına və sosial sahələrdəki islahatlara qarşı yönəlib.

Fransa Daxili İşlər Nazirliyi isə aksiyalarda Paris istisna olmaqla, saat 15:45-ə olan məlumata görə, 282 min nəfərin iştirak etdiyini bildirib. Eyni zamanda, ölkə üzrə 140 nəfər saxlanılıb, onlardan 75-i nəzarət altına alınıb, 21 nəfər isə Parisdə saxlanılıb. Aksiyalar zamanı 8 polis əməkdaşı yüngül xəsarət alıb.

CGT-nin Baş katibi Sofi Binet günorta verdiyi açıqlamada aksiyanı böyük uğur adlandırıb. Onun sözlərinə görə, yalnız səhər saatlarında 400 mindən çox insan aksiyalarda iştirak edib. Hökumətin aksiyadan əvvəlki axşam verdiyi proqnozlara görə, ümumilikdə 900 min iştirakçı gözlənilirdi.

Aksiyalar əsasən dinc keçsə də, Lyon, Marsel və Nant şəhərlərində qarşıdurmalar qeydə alınıb. Lyonda polis və maskalı gənclər arasında toqquşmalar zamanı “France Televisions” jurnalisti və bir polis əməkdaşı xəsarət alıb. Nantda yürüş başlanandan az sonra gözyaşardıcı qaz buraxılıb, nəticədə yürüş qruplara bölünüb. Marseldə bir polis əməkdaşı yerə yıxılmış qadın nümayişçiyə ayaqla zərbə vurarkən görüntülənib.

Bugünkü aksiyalar Fransa cəmiyyətində dərin sosial narazılığın davam etdiyini, həm hökumət siyasətinə, həm də ictimai xidmət sahələrindəki dəyişikliklərə qarşı ciddi müqavimətin olduğunu göstərdi. CGT və digər ittifaqlar bu uğurun tələb və etirazların hökumət tərəfindən nəzərə alınması üçün güclü siqnal olduğunu bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azertag.az

2Mənbələr