AZ

Aşağı siniflərin valideynlərinə uşağı sinfə qədər gətirmək qadağan edilib...


Elşən Qafarov: “Bu problemin həllinin digər alternativ variantlarını da tapmaq olar”

Məktəbli çantalarının ağır olması valideynləri ciddi narahat edir. Nəinki yuxarı sinif şagirdlərinin, hətta birinci, ikinci sinifdə oxuyan uşaqların da çantaları çox ağır olur. Bəzi hallarda valideynlər özləri belə bu çantaları daşımaqda çətinlik çəkirlər.

Bilirik ki, uzun illərdir məktəbli çantalarının necə yüngülləşdirilməsi məsələsi müzakirə edilir. Təkliflərdən biri o olub ki, dərsliklər və əlavə dərs vəsaitləri, iş dəftərlərinin nəşrində ağır yağlı kağızlardan yox, yüngül kağızlardan istifadə edilsin. Yəni dərsliklər yüngül olmalıdır ki, şagirdlərin çantaları ağır olub bellərini əyməsin. Çantanın ağırlığından uşaqların əziyyət çəkdiyini hər birimiz yaxından müşahidə edirik.

Valideynlərin əksəriyyəti uşaqlarının çantalarını məktəbə, hətta sinfə qədər özləri aparırlar. Amma əksər məktəblərdə valideynlərə icazə verilmir ki, içəri keçib uşağının çantasını sinfə aparıb qoysun. Uşaq özü isə çantanı daşıya bilmir. Valideynlər deyəndə ki, niyə qoymusuz uşağın çantasını özüm içəri aparım? Valideynə “olmaz, icazə yoxdur” deyirlər. Valideyn deyəndə ki, ağır çanta uşağa ziyan vurur, onda da “gedin həkimdən arayış gətirin ki, sizin uşağınız bu çantanı daşıya bilmir, sağlamlığında problem var” cavabı verilir. Valideyn başqa söz deyir, məktəblər də valideyni başqa yerə yönəldirlər və təhrik edirlər ki, gedib “şirinlik” verib uşaqlarınıza saxta arayış alın, guya onlar xəstədirlər. Valideynlərin dediyinə görə, hətta neçə valideyn gedib saxta arayış alıb gətirib məktəbə verib, bununla da öz problemlərini həll ediblər.

Bu nə yanlış tendensiyadır? Valideyn məktəbə girəndə bəyəm orda nə edəcək ki? Heç olmasa birinci sinif şagirdlərinin valideynlərinə imkan yaradılsın ki, onlar uşaqlarının çantalarını sinif otağına qədər aparsınlar. Amma valideynlər şikayət edirlər ki, buna imkan verilmir.

“Çox təəssüflər olsun, nazirlik bu problemi həll etmir”

Təhsil eksperti Elşən Qafarov problemlə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, bir şagirdin çantasının çəkisi həmin şagirdin özünün çəkisinin 15 faizindən çox olmamalıdır. “Hazırda kitabların çəkisinin ağır olması, əlavə iş dəftərləri və sair nəticəsində çantanın çəkisi şagirdin özünün çəkisinin 30 faizinə qədər gəlib çıxır ki, bu da şagirdlərdə fizioloji problemlər yaradır, onlarda skalyozun yaranmasına gətirib çıxarır. O baxımdan, şagirdlərin çantasının ağırlığı uzun illərdir ki, müzakirə olunur. Həm tədris ili başlayanda, həm tədris prosesində, həm də tədrisin sonunda bu məsələ gündəmə gəlir. Problemdən çıxış yolu kimi ölkə Prezidentinin 24 oktyabr 2013-cü il tarixli 13 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Təhsilin İnkişafı üzrə” Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəf və tədbirlərdə əks olunan məsələlərə diqqət yetirilməlidir. Bu hədəf və tədbirlərdən biri də bu idi ki, 5-ci və 9-cu sinif şagirdlərinə (bu proses 2020-ci ilə qədər başa çatmalı idi) bütün dərsliklər, əlavə dərs vəsaitləri yüklənmiş planşetlər verilməli idi. Çox təəssüf ki, biz bunu edə bilmədik. Hazırkı şəraitdə təklif olunan variant odur ki, bir dərslik yarımilliklər üzrə olmaqla iki ədəd kitabdan ibarət oldun. Birinci yarımil və ikinci yarımil kitabı. Amma biz bununla məktəblinin çantasının çəkisini ən azı 50 faizə qədər azaltmış olardıq. İllərdir bu məsələ ilə bağlı təkliflər verilsə də, Elm və Təhsil Nazirliyi hələ ki, buna münasibət bildirməyib. Hazırkı halda məsələdən çıxış yolu dərsliklərin yarımilliklər üzrə çap olunmasıdır. Bu, məsələnin bir tərəfi”.

E.Qafarovun qeyd etdiyinə görə, məsələnin digər tərəfi 5-ci və 9-cu siniflərə Dövlət Strategiyasında göstərilən planşetlərin verilməsi ola bilər ki, bu da problemdən çıxış yoludur. “Cəmiyyət, mətbuat, mütəxəssislər, o cümlədən nazirin özü də bu problemi görür. Amma çox təəssüflər olsun, nazirlik bu problemi həll etmir. Elm və təhsil naziri Emin Əmrullayev brifinqlərdə adətən problemlərdən danışır, amma problemlərin həlli yollarından heç vaxt danışmır. Təhsil ekspertləri bu problemdən çıxış yollarını göstərir. Amma çox təəssüflər olsun ki, bunu qulaqardına vururlar, eşitmək istəmirlər. Problem bundadır. Elm və Təhsil Nazirliyinin, onun rəhbərliyinin bu problemi həll etmək istəyi olmalıdır. Bu istək olandan sonra bu problemin həllinin digər alternativ variantlarını da tapmaq olar”-deyə E.Qafarov vurğuladı.

Əli TURABOV

Seçilən
9
baki-xeber.com

1Mənbələr