Məlum olduğu kimi yeni tədris ilində bir sıra ali təhsil müəssisələrində ödənişlərin məbləği artırılıb. Məsələn, Tibb Universitetində “Tibb” ixtisası üzrə ödəniş 6500 manata yüksəlib, hansı ki, ötən il 4500 manat idi. Həmçinin “Stomatologiya” ixtisasının da məbləği 2 min manat artırılaraq 6 min manata çatdırılıb. Eləcə də Bakı Dövlət Universitetində bəzi ixtisaslarda ödəniş 2400 və 3200 manata, Azərbaycan Dövlət Pedaqoji Universitetində 2400 manata, Azərbaycan Dillər Universitetində 2500 manata, Bakı Slavyan Universitetində isə 2000 manata yüksəlib.
Təhsil haqlarının artırılması isə cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Millət vəkili Ceyhun Məmmədov deyib ki, ali təhsil müəssisələrində təhsil haqqının qaldırılması dövlətin nəzarəti ilə həyata keçirilməlidir. Onun sözlərinə görə “Hər hansı universitet istənilən məbləği müəyyənləşdirməməlidir. Qiymət məsələsi Nazirlər Kabinetinin qərarı və ya başqa bir formada təsdiqlənə bilər”.
Elm və Təhsil naziri Emin Əmrullayev isə deyib ki, keyfiyyətli təhsil ucuz başa gələ bilməz, “İnsanlar çox vaxt düşünürlər ki, az pul ödəməklə yüksək səviyyəli həkim hazırlamaq mümkündür. İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Burada ən vacib məsələni düzgün anlamaq lazımdır: təhsilə qoyulan pul xərc deyil, investisiyadır”, deyə nazir qeyd edib.
Bəs təhsil mütəxəssisləri bu barədə necə düşünür?
TV Musavat-ın mövzu ilə bağlı hazırıladığı videosüjeti təqdim edirik: