AZ

Bal alzheimer xəstəliyinə qarşı potensial təbii vasitə ola bilər

Tədqiqatlar göstərir ki, balın antioksidant və neyroprotektiv xüsusiyyətləri Alzheimer xəstəliyinin inkişafını ləngidə bilər.

E-saglam.az xəbər verir ki, İspaniyanın Qrenada Universitetinin alimləri balın Alzheimer xəstəliyinə qarşı potensialını araşdırıblar. Onlar müxtəlif arıçılıq məhsullarının neyroprotektiv xüsusiyyətlərini öyrəniblər və balı demensiya ilə mübarizədə yeni təbii vasitə kimi qiymətləndiriblər.

Nutrients jurnalında dərc olunmuş məqalədə 27 tədqiqat əsasında balın molekulyar analizinə əsaslanan nəticələr təqdim edilib. Tədqiqat göstərib ki, arıçılıq məhsulları sinir sistemi fəaliyyətinə, o cümlədən Alzheimer xəstəliyinin inkişaf mexanizmlərinə təsir edir.

Oksidləşmə stresi:Bal aktiv oksigen formalarının (azad radikallar) səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu, hüceyrələrə zərər verən maddələrdir. Bu effekt balda olan polifenol və flavonoid kimi antioksidantlarla əlaqələndirilir.

Mitoxondrial disfunksiya:Mitoxondriya hüceyrənin enerji mənbəyidir. Onlarda yaranan pozulmalar neyron əlaqələrinə mənfi təsir göstərir. Siçanlarla aparılan eksperimentdə bal ekstraktı ilə müalicə neyrotoksik qlutamatın səbəb olduğu mitoxondrial zədələnməni önləyib.

Neyroinflamasiya:Bal iltihab əleyhinə təsir göstərir və sitokinlərin və iltihaba cavabdeh fermentlərin səviyyəsini azaldır. Həm laboratoriya, həm də heyvanlar üzərində aparılan təcrübələrdə bal toksinlər səbəbiylə yaranan süni iltihabı azaltmağa və kognitiv funksiyaları yaxşılaşdırmağa kömək edib.

Amiloid və tau zülalları:Bu zülallar Alzheimer xəstəliyinin inkişafında mühüm rol oynayır. Onların çoxluğu beyin hüceyrələrinə zərər verən plaq və düyünlər əmələ gətirir. Qurdlar və siçanlar üzərində aparılan eksperimentlərdə bəzi bal növləri bu zülalların yığılmasını və toksikliyini azaldıb.

Balın tərkibindəki təbii birləşmələr, beləliklə, neyroprotektiv və antioksidant təsir göstərərək Alzheimer xəstəliyinin inkişaf riskini azaltmaq potensialına malikdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
5
e-saglam.az

1Mənbələr