AZ

Premyer Liqanın bu matçından "istefa iyi" gəlir- Azarkeş nə qədər səbr edər axı?

Premyer Liqanın 5-ci turunun maraqlı qarşılaşmalarından biri Qəbələdə baş tutacaq.

Yerli komanda "Kəpəz"i qonaq edəcək.

Düzdü, nə tərəflərin hədəfləri böyükdür, nə də aralarında uzun tarixə söykənən haqq-hesabları var.

Matçı maraqlı edən isə mövcud durumdur.

Meydan sahibləri ardıcıl 3 oyundu məğlub olur. İnsafən, Kaxaber Tsxadadzenin yetirmələri hər üç görüşü də pis keçirməyib.

"Zirə" və "Araz-Naxçıvan"la matçlarda üstünlüyü əldən verib.

Ümumilikdə isə iddialı rəqiblərin üçünə də əməlli-başlı diş göstərə bilib. Bəzi məqamlarda üstün olub, yetəri qədər qol imkanları yaxalayıb.

Nəticədən xəbərsiz matçları izləsən heç demərsən ki, "Qəbələ" yekunda xalsız qalıb.

Amma yaxşı oyun, layiqli mübarizə bir yerə qədərdir. Azarkeşlərə isə qələbə lazımdır.

Bunun üçün isə hazırkı vəziyyətdə "Kəpəz"dən münasib rəqib?

Qərb təmsilçisi arxada qalan 4 görüşün hamısını uduzub.

Nəticələr qədər göstərilən oyunları da pisdir.

"Qırmızı qaralar" bu dəfə də qələbə qazanmasa, bunu heç kim gürcüstanlı mütəxəssisə bağışlamayacaq.

Qonaqların düşdüyü vəziyyət daha ağrılıdır.

Ortada nə oyun var, nə də xal.

Sıfır məğlubiyyət, sıfır xalla nə vaxta kimi davam etmək olar?

Adil Şükürov yaxşı bilir ki, alınacaq növbəti məğlubiyyət onun üçün tutduğu postla vidalaşmağa səbəb ola bilər.

Belədə 48 yaşlı mütəxəssis nə yolla olur-olsun yetirmələrindən tək istəyi qələbəni qoparmaq olacaq.

Bir sözlə, mövsümün ilk istefasının iyisi Qəbələdən gəlir.

XANOĞLAN İMANOV

Seçilən
11
sportinfo.az

1Mənbələr