AZ

“Bir gün Ermənistan Azərbaycandan Qarabağa görə üzr istəyəcək" - “Real Ermənistan” ideologiyasıcəmiyyəti qarışdırır...


Ermənistan hakimiyyəti baş nazir Nikol Paşinyanın “Real Ermənistan” ideologiyasını rəsmi dövlət sənədinə çevirmək istəyir. Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin “Real Ermənistanın estetikasının müəyyənləşdirilməsi və ona dəstək” adlı konsepsiyası elektron layihələr portalında dərc olunub.

“Azatutyun” radiosu bildirir ki, konsepsiyada “Real Ermənistan” ifadəsi dırnaqda yazılmayıb və sənəd “əsl Ermənistan”ın nə olduğunu izah etməyə çalışır. Konsepsiyada deyilir: “Real Ermənistanın siyasi-hüquqi məkanı beynəlxalq səviyyədə tanınmış Ermənistan Respublikasının sərhədləri ilə məhdudlaşan bir məkan olaraq bəyan edilir və qəbul olunur”. Paşinyan hökumətinin mövqeyinə görə, Ermənistan haqqında istifadə edilən mədəni, sosial, mənəvi və psixoloji təsvirlər çox vaxt “Real Ermənistan” ideyasına ziddir, real Ermənistandakı həyatı əks etdirmir. Layihəni oxuyan publisist Tiqran Paskeviçyan onu Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazovun “Ruhnamə” kitabı ilə müqayisə edib: “Bu, əslində, türkmən xalqının həyat tərzini və kimliyini inzibati şəkildə tənzimləmək cəhdi idi. Mən Paşinyanın oyuncağına çevriləcək bir deklarasiya görürəm”. Konsepsiya layihəsində sülh “Real Ermənistan” ideyasının əsas elementi kimi təqdim olunur. T.Paskeviçyan bunu reallıqdan uzaq sayır: “Siz sülhdən danışırsınız, amma sülh müqaviləniz yoxdur, sülh hələ əldə olunmayıb, heç nə baş verməyib. Siz nə haqda danışırsınız?”. Konsepsiyada deyilir ki, dövlətin maliyyələşdirdiyi proqramlarda müharibə təbliğatına, nifrətə yer olmamalıdır, regionda dinc yanaşı yaşam mühitinin formalaşmasına yönəlməlidir. Dövlət vəsaitlərindən qonşularla birgə layihələrə də maliyyə ayrılması nəzərdə tutulur. Qanun layihəsinin müzakirəsi 11 gün çəkəcək. İndiki halda “Azatutyun” hazırda “Real Ermənistan” konsepsiyasını daha çox adamın dəstəklədiyini yazır. Ayın sonunda layihə nazirlik yanında ictimai şuranın müzakirəsinə çıxarılacaq. Bu fonda Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyası isə parlamentdən kənar qüvvələrlə Paşinyana etimadsızlıq məsələsi, onun hakimiyyətdən uzaqlaşdırılması üzrə parlament dinləmələrinin keçirilməsini müzakirə edir. “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan qeyd edib: “Qərarların və hakimiyyət dəyişikliyi üçün praktik yolların müzakirəsi gedir. Bizim təklif etdiyimiz yol impiçmentdir. Ümid edirik ki, tərəfdaşlarımız ya bu məsələdə bizimlə birləşəcək, ya da alternativ həll yolu təklif edəcəklər”.

Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistan müxalifətinin Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq cəhdi alınmamışdı. İndi bu, daha çətin görünür. “Demokratik Alternativ” partiyasının lideri Suren Surenyants bildirir ki, onlar ilk gündən impiçment ideyasını dəstəkləyiblər, amma ümummilli hərəkat olmadan bu, mümkün deyil. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın fraksiyasə isə bildiribr ki, küçə mübarizəsi başlarsa, bu halda hakimiyyəti devirmək mümkün olar. Amma xalq buna dəstək vermir. Belə vəziyyətdə “Real Ermənistan” ideyası xalq arasında getdikcə daha cazibədar hala gəlir. Qeyd edək ki, hələ bu ilin fevralında Paşinyan xalqa ideoloji məzmunda müraciət ünvanlayıb. Paşinyanın açıqladığı 14 tezisin əsas məna yükü referendum yolu ilə yeni konstitusiyanın qəbuluna əsaslanır. O, irəli sürdüyü “Real Ermənistan” ideyası naminə ümumxalq səsverməsinə gedilməsinin vacibliyini vurğulayır. Qeyd edək ki, “Real Ermənistan” 29743 kvadratkilometr ərazisi olan, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Ermənistandır. Paşinyanın fikrincə, bu sistem üçün yeni konstitusiyanın qəbulu ona görə vacibdir ki, əvvəlki konstitusiya referendumlarında ciddi legitimlik olmayıb. Baş nazirin sözlərindən gəlinən qənaət həm də budur ki, yeni konstitusiyanın strateji məqsədi dövlətçilikdən məhrum xalqı dövlət qurucusu olan xalqın fəaliyyət tərzinə uyğunlaşdırmaqdır. Rusiyalı ekspert Aleksandr Perenciyev hesab edir ki, Paşinyanın yürütdüyü siyasət Ermənistanı həqiqətən də irəli apara biləcək yeganə yoldur: “Daha əvvəl necə deməsindən asılı olmayaraq, dinc səhifə onun hakimiyyəti altında başladı. Ermənistan Qarabağı Azərbaycanın olaraq tanıdı, sərhədlərin delimitasiyası prosesi başladı və sülh müqaviləsi razılaşdırıldı. “Qarabağ klanı” adı altında birləşərək işğalçılıq meyllərinə köklənmiş siyasətçilərin mövqeyini nəzərə alsa, belə perspektivlər mümkün idimi? Ehtimal yoxdur. Eyni zamanda inanıram ki, bir gün Ermənistan Azərbaycandan Qarabağa görə üzr istəyəcək. Bu, düzgün və məntiqli olardı”. İndilikdə Ermənistanın baş naziri diqqəti “Real Ermənistan”ın maraqlarına xidmət etməyə cəmləməyə və gələcəkdə “tarixi Ermənistan” məntiqinə qayıtmağın qeyri-mümkünlüyünü anlamağa çağırır. Radikal siyasi-ictimai çevrələr baş nazirin bu konsepsiyasına qarşı çıxırlar.

Nahid SALAYEV

Seçilən
13
baki-xeber.com

1Mənbələr