AZ

Telman İsmayılovun keçmiş mühafizəçisinə 14,5 il həbs cəzası verildi

Moskva Qarnizonu Hərbi Məhkəməsi uzun illər davam edən cinayət işinə nöqtə qoyub. Məhkəmənin qərarına əsasən, məşhur iş adamı Telman İsmayılovun keçmiş mühafizəçisi Tərxan Eldukayev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Far.Az TASS-a istinadən xəbər verir ki, o, 2006-cı ildə müğənni Avraam Russoya qarşı sui-qəsddə iştirak etməkdə və iş adamı Qurşumov qardaşlarının qətlə yetirilməsində kömək göstərməkdə təqsirli bilinib.

Eldukayev cəzasını ümumi rejimli koloniyada çəkəcək. Bundan əlavə, məhkəmə zərərçəkmiş tərəfin – Qurşumov ailəsinin 2,5 milyon rubl dəyərindəki mülki iddiasını da qismən təmin edib.

Prokurorluq ilkin mərhələdə 15 il həbs cəzası tələb etsə də, məhkəmə daha az müddət müəyyənləşdirib. Eldukayevin vəkili isə hökmü "həddindən artıq sərt və ədalətsiz" adlandıraraq qərardan apellyasiya şikayəti veriləcəyini açıqlayıb. Müdafiə tərəfinin sözlərinə görə, Eldukayev Russoya qarşı irəli sürülən ittihamlardan bəraət alıb və müğənninin iddiası rədd olunub.

Seçilən
8
1
far.az

2Mənbələr