AZ

Özbəkistanda keçirilən Forumda Azərbaycan da iştirak edib

Özbəkistanın Namanqan şəhərində “Yoxsulluqdan firavanlığa” III Beynəlxalq Forum keçirilib. Açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin təmsilçiləri iştirak edib.

Foruma həmçinin İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Cassir, Asiya İnkişaf Bankının vitse-prezidenti Yinqminq Yanq, BMT-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kaxa İmnadze, Dünya Bankının yoxsulluğun azaldılması üzrə qlobal direktoru Luis Felipe Lopez-Kalva və 200-ə yaxın beynəlxalq ekspert də qatılıb. 

Forumda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və ölkəmizdən gələn nümayəndələr iştirak edib.

Şavkat Mirziyoyev qonaqları salamlayaraq bildirib ki, dünyada hökm sürən geosiyasi, iqtisadi və sosial qeyri-sabitlik, eləcə də iqlim dəyişikliyinin təsirləri fonunda qlobal iqtisadi artım tempi aşağı düşüb və bu da öz növbəsində yoxsulların sayının artmasına səbəb olub. Bu reallıqlar dövlətlər, beynəlxalq təşkilatlar və bütün dünya ictimaiyyəti qarşısında yeni, təcili çağırışlar qoyur.

Bu çətin dövrdə Özbəkistan yoxsulluqla mübarizəni dövlət siyasəti səviyyəsinə qaldırıb. Bütün səylər hər bir insanın, xüsusən də gənclərin və qadınların öz potensialını tam şəkildə reallaşdıra bilməsinə yönəlib. Yenilənmiş Konstitusiyada təsbit edilib ki, pensiya, müavinət və sosial yardım minimum istehlak xərclərindən aşağı ola bilməz.

Ardıcıl islahatlar sayəsində 7,5 milyon insan yoxsulluqdan xilas edilib və 2024-cü ilə qədər yoxsulluğun səviyyəsi 8,9 faizə enib. Məqsəd ilin sonuna qədər bu rəqəmi 6 faizə endirməkdir. 

Forumda bu sahədə fəaliyyətin bazarın tələbinə uyğunlaşdırılması, yoxsulluqla mübarizədə İslam maliyyəsinin imkanlarından istifadə, sosial müdafiə sistemlərinin gücləndirilməsi və əhalinin sabit iş yerləri ilə təmin edilməsi, demoqrafik imkanlardan səmərəli istifadə, rəqəmsal və “yaşıl” iqtisadiyyatda insan kapitalının inkişafı və gənclərin müasir peşələrə hazırlanması, yoxsulluğun azaldılmasında beynəlxalq əməkdaşlığın və regional tərəfdaşlığın rolu, yoxsulluğun müəyyənləşdirilməsi üçün səmərəli monitorinq sistemlərinin yaradılması, biznesin inklüzivliyi və insan kapitalına investisiya kimi mövzular üzrə innovativ yanaşmalar müzakirə olunub.

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Namanqan

 

 

 

Seçilən
6
xalqqazeti.az

1Mənbələr