AZ

İkinci əl avtomobillər kəskin bahalaşa bilər

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 8 ayında Azərbaycana 733 milyon dollar dəyərində 37 183 ədəd hibrid mühərrikli avtomobil idxal edilib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 345.2 milyon dollar və ya 89%, miqdar ifadəsi ilə isə 23 679 ədəd və ya 175.3% (2.7 dəfə) artıb.

Ötən ilin eyni dövründə xaricdən 387.9 milyon dollar dəyərində 13 504 ədəd hibrid avtomobil gətirilmişdi.

1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 19 715 dollar (33 516 manat) olub ki, bu da son bir ildə 9 35 dollar (15 360 manat) və ya 31.4% ucuzlaşma deməkdir.

2024-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 28 750 dollar (48 875 manat) olub.

Son 2-3 ildə hibrid avtomobillərin ƏDV və gömrük güzəştləri nəticəsində böyük həcmlərdə idxalı baş verib.

Bu da həm qiymətləri azaldıb, həm də ölkədə avtoparkın yenilənməsini sürətləndirib. Nəzərə alaq ki, 2026-cı ilin 1 yanvarından yeni avtomobillərə tətbiq edilən ƏDV-nin (18%) güzəşt müddəti başa çatır.

Bu da o deməkdir ki, ƏDV güzəşti uzadılmasa, avtomobil bazarında bahalaşma baş verəcək.

Bu bahalaşma xüsusilə ikinci əl avtomobilləri daha çox əhatə edə bilər.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, güzəştin müddəti uzadılmasa, idxal olunan yeni hibrid avtomobillərin qiyməti avtomatik olaraq təxminən 15-20% artacaq:

“Çünki yalnız ƏDV deyil, əlavə xərclərin – logistika, gömrük, marja qiyməti artacaq. Belə vəziyyətdə isə insanlar daha ucuz alternativ kimi ikinci əl bazara yönələcək.

Tələb artdıqca ikinci əl avtomobillərin qiymətləri də artacaq. Bahalaşma miqyası bir neçə amildən asılı olacaq:

– Möhlətin uzadılıb-uzadılmaması (uzadılmasa, təsir daha sərt olacaq);

– Yeni avtomobil idxalının həcmi (azalsa, ikinci əl maşınların qiyməti daha çox qalxacaq);

– Əhalinin alıcılıq gücü (tələb yüksək qalsa, qiymət artımı qaçılmazdır).

Ümumilikdə isə idxal kəskin azalarsa (məsələn, hibrid gətirənlərin sayı çox düşərsə), ikinci əl avtomobillərdə bahalaşma 20%-ə qədər çıxa bilər. Yəni 2026-cı ildən etibarən möhlət uzadılmasa, ikinci əl hibrid avtomobillərin kəskin bahalaşması qaçılmaz olacaq. (Bizim.Media)

AzPost.az

Seçilən
5
15
azpost.info

10Mənbələr