AZ

Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...

Azərbaycanın düşmənləri dayanmır; erməni lobbisinin təxribatçı təşəbbüsü Konqresdən keçə bilərmi? ekspertlərin proqnozu

ABŞ Nümayəndələr Palatasının üzvü, erməni lobbisti Bred Şerman Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Türkiyə və Azərbaycana dəstəyini bloklaya biləcək düzəliş təqdim edib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi (ANCA) məlumat yayıb.

“Bu düzəliş Türkiyə Ermənistan üzərindəki blokadanı aradan qaldırmayana qədər, Azərbaycan isə bütün erməni hərbi əsirlərini (?! - red.) azad etməyənədək qüvvədə qalacaq”, - deyə erməni lobbisinin xəbərində iddia olunur.

“Düzəlişim nəzərdə tutur ki, Ermənistanın blokadasını davam etdirdikcə Türkiyəyə bir qəpik də ödənilməyəcək, "girovlar" (Şerman erməni terrorçularını belə adlandırır - red.) azad olunmadıqca Azərbaycana da bir qəpik verilməyəcək", - məlumatda deyilir. 

Şermanın ikinci bir düzəlişi də var. “Bu dəfə Dövlət Departamentinin sanksiyalar haqqında qanununa əlavə kimi təqdim edilən düzəliş prezidentin "907-ci maddə"ni ləğv etmək səlahiyyətini aradan qaldırır və beləliklə, ABŞ-nin Azərbaycana hərbi yardımını faktiki olaraq bloklayır", - deyə ANCA-nın məlumatında bildirilir. Yəni Donald Trampı həmin üzdəniraq düzəlişin qüvvəsini hər il dayandırmaq hüququndan məhrum etmək istəyirlər. 

Azərbaycanla Ermənistan arasında Trampın patronajlığı altında davam edən böyük sülh quruculuğu fonunda bu cür cəhdlər nə dərəcədə prosesə pəl vura bilər? Bakı və Ankara belə səylərdən narahat olmalıdırmı? Hazırda erməni lobbistlərin Konqresdə təsir gücü hansı səviyyədədir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bu layihənin Konqresdə keçməyəcəyini bildirdi. Onun sözlərinə görə, respublikaçılar qanunverici orqanda üstündür və Trampın partiyasının üzvləri onu əngəlləyəcək. 

Çingiz

 Çingiz Qənizadə

Hüquq müdafiəçisi qeyd etdi ki, belə təqdimatlar çox olub, lakin heç biri qəbul edilməyib: “İndi Azərbaycan-ABŞ münasibətləri özünün ən yaxşı dövrünü yaşamaqdadır. Belə bir vaxtda hansısa düzəlişin olacağına inanmıram. Sadəcə, erməni lobbisinə bağlı adamlar bu təşəbbüsləri qaldırır. Çünki xəbəri də elə Amerikadakı erməni təşkilatı yayıb. Bu da erməni lobbisinin təsirini göstərir”.

Ç.Qənizadə düzəlişdə irəli sürülən tələbləri absurd adlandırdı: “Ermənistan özünü blokadadan çıxarmalıdır. Bunun üçün Bakı və Ankaranın şərtlərini yerinə yetirməlidir. Yəni Şermanın layihə irəli sürməsi ilə bu iş olmur. İrəvanın blokadadan çıxması özündən asılıdır. O ki qaldı məhkəməsi gedən erməni canilərə, onları gah "hərbi əsir", gah “siyasi məhbus” adlandırırlar. Şermanın ölkəsində bu cinayətkarlar eyni addımları atsaydı, çoxdan fiziki olaraq aradan götürülmüşdülər. 

Bu adamlar 30 ildən çox torpaqlarımızda qanunsuz silahlı dəstələrə rəhbərlik edib, qeyri-qanuni bir idarəçilik qurub, mərkəzə tabe olmadan Ermənistanın himayəsi altında Azərbaycan ərazilərində qondarma respublika yaradıblar. Bunu Amerikanın hansısa ştatında etmək olarmı? Ona görə də bu adamlar hərbi canilərdir. Ümumiyyətlə, belə absurd bəyanatlar çox olacaq".

Hüquq müdafiəçisi Azərbaycanın bölgədə yeni reallıq yaratmaqla əslində Ermənistanı da Rusiyanın boyunduruğundan xilas etdiyini dedi: “Amerikalı senator revanşist güclərlə eyni mövqeyi bölüşən erməni lobbisinin təsirinə düşüb. Ancaq anlamalıdır ki, erməni lobbisi və revanşist qruplar Rusiyanın maraqlarını ifadə edir. Yəni Şerman Ermənistanın təəssübünü çəkirsə, Rusiyanın vassalı olaraq qalmasını istəməməlidir. Bu da İrəvanın Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmasından keçir. Görünür ki, bu şəxs pula satılıb və lobbinin sifarişini yerinə yetirməyi üstün tutub. Zənnimcə, Nümayəndələr Palatasında Respublikaçılar buna imkan verməyəcək”.

Mühacirlərə

Ehtiram Mehdiyev 

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə qeyd etdi ki, Şermanın mənsub olduğu siyasi düşərgə əvvəldən anti-Azərbaycan mövqedədir: “Bu konqresmen Demokratlar Partiyasının üzvüdür. Biz Bayden iqtidarı dövründə Azərbaycana hansı münasibət bəslədiklərini görmüşük. Ona görə bu adamın layihə irəli sürməsi təəccüb doğurmadı. Çünki Demokratlar ermənipərəst siyasət yürüdürlər. Amma düşünmürəm ki, onun layihəsi qəbul edilsin. Respublikaçılar Nümayəndələr Palatasında hakimdirlər”. 

E.Mehdiyeva görə, digər tərəfdən, belə səylər əhəmiyyətsizdir: “Çünki Azərbaycan beynəlxalq hüquq normalarına uyğun davranır. Bu gün erməni hərbi canilərin məhkəməsi açıq keçirilir, onların ailələri ilə əlaqə saxlaması təmin olunur, saxlanma şəraitindən narazılıq etmirlər. Eyni zamanda işğal dövründə törədilən cinayətlər bir-bir sübut olunur. Şerman yaxşı olardı ki, gəlib məhkəmə prosesində iştirak etsin və faktlarla tanış olsun. Ondan sonra bu cinayətkarların, separatçıların əsir, yoxsa qatil olduqlarını görəcək”.

Partiya funksioneri onu da söylədi ki, antiterror əməliyyatından sonra Azərbaycan əleyhinə belə təşəbbüslərin olacağı gözlənilən idi: “Bütün ermənipərəst dairələr hərəkətə keçib. İki ildir ki, Azərbaycanı gah etnik təmizləmə həyata keçirməkdə, gah Araik və digərlərini əsir götürməkdə ittiham edirlər. Bunların heç biri əsaslı ola bilməz. Ermənilər öz xoşları ilə gediblər, tutulanlar isə öz əməllərini etiraf edirlər. Üstəlik, xunta rejiminin bir çox üzvü qaçıb gedib, əslində daha çoxu indi həbsdə olmalıydı. Şerman onların illərlə Qarabağda hansı qanunsuz hərəkətlərə yol verdiklərini açıb oxusun, uzaq tarix deyil. Harada görünüb ki, dövlət içində qondarma dövlət qurmaq istəyəsən və buna dözüm nümayiş etdirilsin? ABŞ-də Texas ştatı dəfələrlə müstəqil olmaq istəyib, amma imkan verməyiblər. Əgər separatizm yaxşıdırsa, özlərində sınaqdan keçirsinlər”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Seçilən
50
1
musavat.com

2Mənbələr