İsrail və HƏMAS arasında atəşkəs rejimi mart ayının ortalarında pozulduqdan sonra Qəzza sektorunda bir milyondan çox insan köçkün düşüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (HMƏİ) məlumat verib.
Məlumata görə, təkcə sentyabr ayında Qəzza şəhərinin 250 mindən çox sakini evlərini və sığınacaqlarını tərk etməyə məcbur olub.
“Rəqəmlər sürətlə artır: təkcə son ay ərzində Qəzzanın şimal hissəsindən cənuba təxminən 200 000 köçkün düşmə halı qeydə alınıb. Sərt məhdudiyyətlərə baxmayaraq, BMT və tərəfdaşlar zərər çəkmiş anklavın sakinlərinə həyati əhəmiyyətli dəstək göstərmək üçün əllərindən gələni edirlər”, – məlumatda deyilir.
HMƏİ qeyd edib ki, hazırda Qəzza sektoru sakinlərinin aldığı yardım onların böyük ehtiyaclarına əhəmiyyətli dərəcədə uyğun gəlmir. Aclıq çəkənlərə dəstək imkanları sistematik olaraq bloklanır. Hər həftə yeni məhdudiyyətlər tətbiq edilir.