AZ

Xınalıq məktəbində təmir işləri YEKUNLAŞIR - FOTO

Azərbaycanın ən tanınmış kəndlərindən biri olan Xınalıqda yerləşən Rüfət Kəlbiyev adına internat tipli tam orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir. Artıq işlərin 98 faizi tamamlanıb və yaxın günlərdə tam şəkildə yekunlaşdırılması planlaşdırılır.

Bu barədə Bizim.Media-ya Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba təhsil sektorunun müdiri Pərviz Nurməmmədov məlumat verib.

Onun sözlərinə görə, hal-hazırda məktəbdə 196 şagird təhsil alır və 28 müəllim fəaliyyət göstərir. Sentyabrın 15-dən etibarən dərslər başlayıb.

Qeyd edək ki, Xınalıq məktəbinin yenidən qurulması ideyası ilk dəfə 2006-cı il oktyabrın 7-də Prezident İlham Əliyevin Xınalıq kəndinə səfəri zamanı irəli sürülüb. Sakinlərin köhnə məktəb binasının yenilənməsi ilə bağlı müraciətindən sonra, qısa müddət – 1 il ərzində yeni, müasir məktəb binası inşa olunub və 2007-ci il sentyabrın 15-də istifadəyə verilib.
 

İllər sonra məktəbin əsaslı təmirə ehtiyacı yarandığından, bu proses Elm və təhsil naziri Emin Əmrullayevin Xınalığa səfəri zamanı yenidən gündəmə gəlib. 2025-ci ilin mart ayında tələbə yoldaşları ilə Xınalığa gələn nazirə kənd sakinləri müraciət edərək məktəbin təmirə ehtiyacı olduğunu bildiriblər. Müraciətə müsbət yanaşılıb və iyulun 4-də təmir işlərinə start verilib.


Hazırda məktəbin əsaslı şəkildə yenilənməsi prosesi son mərhələdədir.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
14
1
bizim.media

2Mənbələr