AZ

Adi Mehremiç: “Azərbaycanda məni qoca hesab etdilər” - MÜSAHİBƏ

“Səbail”də çıxış etmiş bosniya və herseqovinalı futbolçu Adi Mehremiç həm “dənizçilər”, həm də Azərbaycanla bağlı maraqlı açıqlamalar verib.

İdman.biz xəbər verir ki, ölkəmizdən getdikdən sonra artıq üç klub dəyişən mərkəz müdafiəçisi bu barədə futbolinfo.az-a müsahibəsində danışıb.

Həmin müshaibəni təqdim edirik:

– Hazırda Avstriyanın I Liqa təmsilçisi “ASKÖ Oedt” klubunda çıxış edirsiniz. Karyeranız necə davam edir?

– Yay fasiləsində bura gəlməyi qəbul etdim, çünki həm klubun layihəsi, həm də ailəm üçün həyat şəraiti önəmli idi. Onların hədəfi yaxın illərdə Bundesliqaya yüksəlmək və Avstriyada hörmətli bir klub yaratmaqdır. Klubun sahibi vaxtilə Avstriyanın “Paşinq” klubunun da sahibi olub. Həmin komanda Bundesliqada çıxış edib və Avstriya kubokunu qazanıb.

– Keçmiş klubunuz “Səbail” hazırda aşağı liqada çıxış edir. Sizcə, bu enişə səbəb nə oldu və klubun indiki vəziyyətini izləyirsinizmi?

– Mən onların hər oyununu izləyirəm. İlk qarşılaşmada qalib gəldilər və ümid edirəm ki, belə davam edərək Premyer Liqaya qayıdacaqlar. Keçən mövsüm əsas problem büdcə ilə bağlı idi. Bundan sonra digər komandalarla rəqabət aparmaq çətin oldu. İnanıram ki, Premyer Liqaya qayıtsalar, investor kluba sərmayə qoyacaq və yaxşı nəticələr əldə olunacaq. Mən hətta düşünürəm ki, keçən mövsüm heyətin 70 faizini saxlaya bilsəydilər, liqanı ilk üçlükdə bitirərdik.

– Ayrıldıqdan sonra “Səbail”də sizin yoxluğunuz hiss olundu. Hətta sabiq baş məşqçi Şahin Diniyev də gedişinizin komandanın oyununa təsir etdiyini vurğulamışdı. Bu qərarınıza görə sonradan peşmanlıq hissi yaşadınızmı?

– Mənim hələ yarım illik müqaviləm var idi, amma büdcə səbəbinə görə rəhbərlik məndən ayrılmağımı xahiş etdilər. Mən də kluba bu yolla kömək etmək üçün bunu qəbul etdim. Amma kaş qalardım. Çünki bilirdim ki, daha az pula da olsa, komandaya fayda verə bilərdim. Klubda və ölkədə özümü çox yaxşı hiss edirdim. Azərbaycandakı ilk mövsümdə müdafiəçi kimi 3 qol və 5 assistim oldu. Əminəm ki, növbəti mövsümdə həm mən, həm də komanda daha yaxşı nəticə göstərərdi.

– Ümumilikdə, klubdan kimlərlə əlaqəni saxlamısınız? Azərbaycandan ovaxtdan bəri hər hansı təklif almısınızmı, yaxud belə bir fürsət yaransa, geri dönməyi düşünərsinizmi?

– Hələ də bir çox futbolçu ilə əlaqədəyəm – Ramalingom, Pedro Nuno, Yusif Nəbiyev və başqaları ilə. Eləcə də direktor Zamiq Hüseynovla, keçmiş məşqçilərlə, həkimlər və fizioterapevtlərlə sıx ünsiyyətdəyəm. Bir il yarımdır orada olmasam da, klub və ordakı insanları hələ də yaxınım kimi hiss edirəm. Son dövrdə bəzi klublarla danışığım oldu, amma sonda heç bir konkret nəticə çıxmadı. Ola bilsin ki, 33 yaşım var deyə məni qoca hesab edirlər. Amma futbolçuların karyerası indi daha uzun davam edir. Mən hələ də 3-4 il yüksək səviyyədə oynaya bilərəm.

– Bakı və ölkə ilə bağlı yadda qalan xatirələriniz var?

– Oğlum Bakıda dünyaya gəlib. Mənim və həyat yoldaşımın orada çox gözəl vaxtlarımız oldu. Şəhəri, insanları, mədəniyyəti çox sevdik. Biz müsəlmanıq və bu səbəbdən bizim üçün xüsusi bir mühit var idi. Bakı bizim üçün hər zaman unudulmaz qalacaq.

– Azərbaycan çempionatının siz oynadığınız dövrlə müqayisədə səviyyəsi dəyişib?

– Məncə, səviyyə mənim orada olduğum illə müqayisədə bir az zəifləyib. “Qarabağ” həmişə olduğu kimi liderdir, güclü “Sabah” var idi, “Sumqayıt” yaxşı idi, “Neftçi” var idi. Biz isə mövsümü 7-ci yerdə, 40-dan çox xalla bitirdik ki, bu da pis nəticə deyil.

– Hazırda “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində çıxış edir və “Benfika” üzərində qələbə ilə gündəmə gəldi. Bu, sizin ölkənizdə necə müzakirə olunur və siz şəxsən bu oyunları izləyirsinizmi?

– Bəli, mən onları hər zaman izləyirəm. Onlar mənim oynadığım bütün ölkələrdə, həmçinin Avstriyada da hörmət qazanıblar. “Qarabağ”ın “Benfika”ya qalib gəlməsi böyük səs-küy yaratdı və hər kəs bu uğuru danışır.

– “Səbail”də Şahin Diniyevin rəhbərliyi altında keçirdiyiniz dövrü necə xatırlayırsınız?

– Mənim üçün bu, həm futbolçu, həm də insan olaraq karyeramın ən sevimli dövrlərindən biri idi. 3 qol, 5 assistlə karyeramın ən yaxşı mövsümünü keçirdim və komandada kapitanlardan biri idim. Həmişə “Səbail”lə ilk oyunumuzu xatırlayacağam - “Neftçi” ilə onların stadionunda 1:1. “Qarabağ” üzərində evdə qazandığımız 2:1 hesablı qələbə, “Sabah”a vurduğum, 2:2-yə səbəb olan bərabərlik qolu mənim üçün çox dəyərlidir. Əlbəttə ki, oğlumun Bakıda dünyaya gəlməsi də unudulmaz xatirədir.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr