Azərbaycan Konstitusiyası qəbul olunduğu gündən dövlətimizin siyasi, hüquqi və ictimai həyatında mühüm rol oynayıb. Zaman-zaman olunan dəyişikliklər isə insan və vətəndaş hüquq və azadlıqlarının daha da təkmilləşdirilməsinə xidmət edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov deyib.
Konstitusiyanın insan hüquq və azadlıqlarının qorunmasına birbaşa təsir göstərdiyinə diqqət çəkən E.Nəsirov qeyd edib ki, hər bir vətəndaşın qanun qarşısında bərabərliyi, söz azadlığı, mülkiyyət hüququ, sosial təminatlar kimi əsas prinsiplər Konstitusiyada öz əksini tapıb və bu, müstəqil dövlətimizin ən böyük dəyərlərindən biridir.
“Dünya inkişaf edir, yeni dövr yeni tələblər irəli sürür. Bu gün dünyada süni intellektin və yeni texnologiyaların insanların gündəlik həyatına təsiri getdikcə artır. Bu isə dövlət idarəçiliyindən tutmuş sosial münasibətlərə qədər bütün sahələrdə yeni çağırışlar yaradır. Təbii ki, gələcəkdə bu çağırışlar Konstitusiyamızda müəyyən müddəaların yenilənməsini və ya təkmilləşdirilməsini zəruri edə bilər.
İndiyə qədər həyata keçirilən bütün dəyişikliklər dövlətimizin möhkəmlənməsinə, cəmiyyətimizin inkişafına, ən əsası isə xalqımızın rifahına xidmət edib. Gələcəkdə də Konstitusiyaya ediləcək hər bir dəyişiklik milli maraqlarımızı, suverenliyimizi və insan hüquqlarını qorumağa yönələcək”, - deyə akademiya rəisi əlavə edib.