AZ

Yapon olmaq lazımdır, yapon...

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Tanınmış jurnalist, publisist, alim, ictimai xadim, keçmiş diplomat İbrahim Nəbioğlu maraqlı bir paylaşım edib. O, yazır ki, 50 min yapon bu il 100 yaş həddini keçib və "15 il sonra isə Yaponiyada 100 yaşını keçmiş bir milyondan çox insan yaşayacaq".

Bu uzunömürlülük rekordunun səbəblərini təhlil edən alim yazır:

"Yaponlar yer üzündə bəlkə də yeganə xalqdır ki, gündəlik ünsiyyətdə həmsöhbətinin əhvalını pozmur, əhvalını korlamamağa çalışır, qanını qaraltmırlar. Onlar düşüncələrinə nəzarət edir, neqativ hissləri qarşısındakı insana keçməsin deyə səy göstərirlər. Yapon cəmiyyətində pozitiv olmaq təkcə mədəni bir norma deyil, həm də uzunömürlülüyün və rifahın təməl daşıdır. Ünsiyyət mədəniyyəti uşaqlıqdan başlayaraq məktəbdə, ailədə, iş yerində insanlara aşılanır".

Bu cümlələri - ünsiyyət mədəniyyəti, məktəb və sair haqda məlumatları oxuyanda başqa bir köhnə dostum yadıma düşdü. Dostum professordur. Ünsiyyət mədəniyyətinə dair elmi araşdırmaları var. Ancaq müstəqil düşüncəli olduğuna görə ona - professora Azərbaycanda hətta orta məktəbdə də iş vermədilər, köçüb getdi, xarici ölkə universitetlərində dərs dedi. Mən əvvəllər də yazmışam: "beyin axını" deyirik, ancaq ölkədən təkcə düşünın beyinlər deyil, sevən ürəklər də gedir. Mənim dostum xarici ölkəyə hər ikisini apardı - həm alim kimi düşünən beynini, həm insan kimi sevən ürəyini.

Bəlkə də mətləbdən uzaqlaşdığımı düşündünüz. Xeyr! Əsl mətləb elə budur: ölkəyə, millətə sağlam ünsiyyət mədəniyyəti öyrədəcək, aşılayacaq bir alimə, müəllimə uşaqlarımızla ünsiyyəti yasaqladıq, nəinki böyüklərlə.

Başqa sözlə, biz ünsiyyət mədəniyyətinin bizim üçün necə HƏYATİ önəm daşıdığını anlaya bilmirik. Ona görə də nəinki yaponlara nisbətdə, ən faciəvisi, özümüzə nisbətdə belə qısa yaşayırıq.

İnsan bir qartala bənzətsək, bəli, onun iti gözləri, iti caynaqları, iti dişləri var (hər biri öz mənasında mənada iti!), ancaq onun - qartalın "yüksək pilotaj" imkanları qanadlarındadır. Uça bilməsə, nə gözləri, nə dimdikləri, nə caynaqları bir işə yarayar, elə deyilmi?!

Qoşa qanad dedik. O qanadlardan biri ədalət, biri mərhəmətdir. İnsan cəmiyyətinin "uçuşunu" tarazlayan ən əsas nəsnələr, dəyərlər bunlardır.

Yaponların uzunömürlülüyünün sirri bu cəmiyyəti eyni vaxtda iki hissin , ədalət-mərhəmət tandeminin idarə etməsidir. Bu tandemin əsasında, başlanğıcında isə doğru-düzgün ünsiyyət, yüksək ünsiyyət mədəniyyəti dayanır.

Yaponların uzun yaşamasının sirrini öyrəndiyimizə görə, öz ölkəmizin insanlarının niyə qısa ömür sürməyinin səbəblərini bilmək çox asandır.

Nədir bu səbəblər?!

Ən birinci uşaqlardan başlayacam. Uşaqlarınıza fikir vermisinizmi?! İndiki uşaqlar da uşaqlığını yaşamır. Böyüklərlə birlikdə böyük həyat sınaqlarının burulğanına düşür uşaqlarımız. Vaxtından əvvəl böyüyür. Həm də həyata, insanlara, hər şeyə, hər kəsə qarşı aqressiya ilə böyüyür. Fikir vermisinizsə, indiki uşaqlar böyük kimi danışır. Böyük adamların ədalarını təqlid edir. Çünki biz uşaqlarımızı böyütmürük, yaşlandırırıq. Həm də vaxtından qabaq. Nəticədə böyüyəndən sonra da böyük qərarları uşaq ağlı ilə verib, başqa etnomədəniyyətlərə uduzuruq. İndiki uşaqları kiçik - yaşlarına uyğun hədiyyələrlə təəccübləndirmək çətindir. O da ola sevindirmək. Yaşlarına uyğun olmayacaq ölçüdə böyük şeylər istəyir uşaqlar. Artur Şopenhauer deyirdi: "Xoşbəxt olmaq üçün çox şey lazım deyil". Biz də az şeylə xoşbəxt olmağı öyrənməmişik.

Baxın, bir-birimizə etdiyimiz hədiyyələrin mənəvi dəyərinə deyil, maddi dəyər ekvivalentinə, yəni satış qiymətinə baxırıq. Doğmamız, dostumuz, yaxınımız bizə ad günümüzdə və ümumiyyətlə, bahalı hədiyyə alıbsa, deməli, bizə dəyər verib. Bu cür yanaşırıq. Az şeylə çox xoşbəxt olmağı bizə öyrətməyiblər, ya da öyrənmək istəməmişik.

İnsanın bir yanı ömür boyu uşaq qalsa gərək. Kim öz içində həm də özünü bir uşaq kimi daşıyırsa, onu kiçik şeylər də xoşbəxt edə bilir. Ona görə ömrü uzanır. Biz isə bir-birimizlə daha böyük nəsnələr üçün çarpışırıq, yumşaq desək, yarışırıq. Əldə etmək istədiyimiz hədəflər (həm də yalnız maddiyyatla bağlı hədəflər!) böyüdükcə, bir-birimizə aqressiyamız da böyüyür. Nəticədə qarşılıqlı hörmət cəmiyyətindən, qarşılıqlı nifrət cəmiyyətinə çevrilirik. Ya da çevrilmişik bəlkə artıq.

Heç bir qanadı olmayan, yaxud hər iki qanadı qırıq qartal qabadlanıb uça bilməz, başqa, hətta özündən kiçik ətyeyənlərə yem olar. Biz də yüz il yaşamaq əvəzinə, ömrünüzü qısaldıb, bu dünyanı tez tərk edirik ki, gedib, həşaratlara yem olaq.

Biz özümüzü və bir-birimizi xoşbəxt edə bilməyəcək dərəcədə bədbəxt fərdlərin toplumuyuq.

Bir-birimizdən ədaləti də, mərhəməti də əsirgəyən cəmiyyətik. Adamları günahsız yerə tutub damlayırlar, məsələn, biz üzümüzü yana çeviririk. Adamın biri məhbəsdə can verir, biz öz canımızı qorumaq hayındayıq; heç dönüb baxmırıq. Hərçənd dahilərdən biri deyib: "Ədalətin olmadığı yerdə hamı günahkardır". Belə bir ortamda uzun yaşamaq olar?! Yox!

Telekanallara baxırıq: guya sosial proqramlarda qadın kişinin üstünə yeriyir, cavan qocanın üstünə qışqırır, oğul atanın üzünə durur, qız ananın, ər arvadını təhqir edir, arvad ərini, övladlar da hər ikisini... Belə bir aqressiv, total depressiv ortamda uzun yaşamaq mümkündür?! Yox!

Dövlətin malına, puluna əli çatan qamarlayır, talayır, oğurlayır, qanun dili ilə, yəni səliqəli desək, mənimsəyir. Varlılar hər gün daha da varlanır, yoxsullar hər gün daha da yoxsullaşır. Maddi nemətlərin bölgüsü doğru-düzgün aparılmırsa, birilərinə hər şey çatırsa, başqa biriləri isə "heç nə" ilə cəzalanırsa, kim və nə qədər uzunömürlü olacaq?! Ədalətin və mərhəmətin olmadığı bir yerdə uzun yaşamaq mümkün deyil, heç düzgün də deyil. Yüz il yaşayıb, neynəyəcəksən ki?! Nə qədər çox yaşasan, o qədər çox məhrumiyyət çəkəcəksən. Elə isə uzun yaşamağın nə mənası var?! Yapon ayaqüstə sağlam durur, dünyanı gəzir, uzun, rahat və firavan yaşayırsa, sən sürünə-sürünə lap elə yüz il yaşa... Dəyərmi belə yaşamağa?!

...Yapon olmaq lazımdır, yapon. Bir-birimizə gülümsəyək. Heç olmasa, bir-birinizi əlavə dərd-qəmlı yükləməyək. Onsuz da hərənin öz dərdi özünə bəsdir...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
bizimyol.info

1Mənbələr