AZ

Zaqatala-Yevlax magistralına təhlükə yaradan məşhur restorana protokol yazıldı

Zaqatalada Tala çayının sahilində qanunsuz tikinti dövlət qurumlarını hərəkətə keçirib.

Musavat.com-a daxil olan məlumata görə, Tala çayının sahilində, “Tala Rooms” restoranının ərazisindən keçən Qaraçay üzərində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.

Hadisə ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə vətəndaş müraciəti daxil olub. Məsələ araşdırıldıqdan sonra bəlli olub ki, vətəndaş Abakar Rəcəbov tərəfindən heç bir mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətinə aid torpaq sahəsində tikinti-quraşdırma işləri aparılır. Daha dəqiq desək, sözügedən ərazi su fondu torpaqları kateqoriyasına, eləcə də bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxildir.

Araşdırmalar zamanı məlum olub ki, qanunsuz işlər ümumilikdə 500 kvadratmetr torpaq sahəsini əhatə edir.

Qanunvericiliyin tələblərinə görə, su fondu torpaqlarında və ictimai istifadə üçün nəzərdə tutulmuş ərazilərdə heç bir halda şəxsi tikinti aparmaq olmaz. Bu cür hallar həm ekologiyaya ziyan vurur, həm də çayların təbii axarını dəyişməklə daşqın təhlükəsini artırır. Araşdırma nəticəsində məlum olub ki, restoranın çay üzərində qanunsuz inşa edilməsi nəticəsində çayın təbii axını pozulub, bu isə ekosistemə mənfi təsirlərə səbəb olub. Restoranın daxili ərazisindən keçən Qaraçay sistemi üzərində istirahət üçün inşa edilmiş tikinti ilə bağlı aparılmış müşahidələr və təhlillər nəticəsində ciddi təhlükələrin mövcud olduğu müəyyən edilib.

Restoranın ərazisində çayın üzərində həyata keçirilmiş tikinti işləri çayın təbii axınına və daş, qum, lil və digər ağac materiallarının sərbəst ötürülməsinə ciddi maneələr yaradır. Bu vəziyyət gələcəkdə sözügedən ərazilərdə bir sıra ciddi fəsadlara səbəb ola bilər. Çayın axın istiqamətinə maneə yaradılması nəticəsində suyun sərbəst hərəkətinin pozulması çayın yatağından çıxmasına səbəb olacaq. Nəticədə çayın ətrafında yerləşən yaşayış məntəqələrin sel sularının zərərli təsirinə məruz qalması, Zaqatala-Yevlax magistral şose yolu strateji əhəmiyyətli bir nəqliyyat xətti olaraq sel-daşqın sularının təzyiqindən zərər görə bilər ki, bu da əhalinin və nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneələr yarada bilər.

Əmlak Məsələləri Dövlət Xidməti faktla bağlı artıq reaksiya verib.

Qanunsuzluğun qarşısını almaq məqsədilə məsələ Daxili İşlər Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Zaqatala Rayon İcra Hakimiyyətinə göndərilib.

Bundan başqa, məlum olub ki, bu tikinti ilə Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli “Su mühafizə zonalarının ölçüləri haqqında” 56 saylı qərarının tələbləri kobud şəkildə pozulub. Həmin qərara əsasən, su mühafizə zonalarında hər hansı tikinti işləri və ya çay məcrasına müdaxilə qanunla qadağandır. Qanun pozuntusu ilə bağlı obyekt rəhbərliyinə yazılı xəbərdarlıq edilib və məsələ Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin nəzarətinə götürülüb. “Tala Rooms” restoranı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsinə əsasən, su obyektlərinin və sudan istifadə qaydalarının pozulmasına görə inzibati protokol tərtib olunub.

Ekspertlərin fikrincə, Zaqatala kimi seysmik və dağlıq bölgədə çayların sahilində nəzarətsiz tikinti aparılması təkcə qanun pozuntusu deyil, həm də ciddi təhlükə mənbəyidir. Çünki belə hallarda çay daşqınları zamanı həm həmin obyektlər, həm də qonşu yaşayış məntəqələri risk altına düşür. Hazırda məsələ aidiyyəti qurumların nəzarətindədir və qanunsuz tikintinin qarşısının alınacağı gözlənilir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
9
1
musavat.com

2Mənbələr