Aloe Vera həm gözəlliyi, həm də faydaları ilə ən çox sevilən ev bitkilərindən biridir. Onun qalın və ətli yarpaqlarında toplanan şəfa jeli qədimdən bəri yanıqların sağaldılmasında, dəri qıcıqlanmasının aradan qaldırılmasında və kosmetik vasitələrin hazırlanmasında istifadə olunur.
E-saglam.az xəbər verir ki, aloe həm vitaminlər, həm də antioksidantlarla zəngindir və bu xüsusiyyətinə görə “ölümsüzlük bitkisi” adlandırılır.
Təbiətdə əsasən Afrika və Asiyanın quraq bölgələrində rast gəlinən bu bitki ev şəraitinə də asanlıqla uyğunlaşır. O, çoxlu işığı sevir, nadir suvarmaya dözür və xüsusi qayğı tələb etmir. Bu səbəbdən pəncərə önündə və ya bağda rahat şəkildə yetişdirilə bilər.
Aloe-yə qulluq etmək üçün sadəcə bir neçə qaydaya riayət etmək kifayətdir. Bitkini drenaj delikləri olan qabda, yüngül və hava keçirən torpaqda saxlamaq lazımdır. Suvarma yalnız torpaq tam quruduqda aparılmalı, yayda bu, həftədə bir-iki dəfə, qışda isə iki-üç həftədə bir dəfə kifayət edir. Aloe güclü günəş işığında qırmızı, çox su veriləndə isə sarı rəng ala bilər, buna görə yarpaqların rənginə diqqət yetirmək vacibdir.
Bitki gənc yaşlarında hər iki ildən bir, böyüdükcə isə üç ildən bir başqa qaba köçürülməlidir. Soyuq su ilə suvarmaq məsləhət görülmür, çünki bu, köklərdə stress yaradır. Ən uyğun su otaq temperaturunda olandır.
Aloe Veranın üstünlükləri çoxdur: o, minimum qulluq tələb edir, dərman və kosmetik xüsusiyyətlərə malikdir, dekorativ görünüşü ilə interyeri bəzəyir və asan çoxalır. Bununla belə, su basmasına dözümsüzdür, soyuq havanı sevmir, bəzi insanlarda allergiyaya səbəb ola bilər və evdə nadir hallarda çiçək açır.
Bu bitki üçün qab seçərkən isə alt hissəsində delikləri olan keramika və ya plastik qablara üstünlük verilməlidir. Aloe kökləri yanlara doğru yayıldığından qazan həm dərin, həm də geniş olmalıdır.
Öz sadəliyi və çoxsaylı faydaları ilə Aloe Vera evdə həm dekorativlik, həm də sağlamlıq baxımından əvəzolunmaz bitkidir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az