AZ

Ankaradan gözlənilməz təklif: Türkiyə Rusiya və Çinlə ittifaq qurur? Bakıdan reaksiya

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, MHP sədri Dövlət Baxçalı ABŞ və İsrailin beynəlxalq siyasətdə yaratdığı koalisiyaya qarşı Türkiyənin yeni ittifaq qurmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə Türkiyə-Rusiya-Çin üçtərəfli ittifaqı ən uyğun model ola bilər. Baxçalının bu açıqlaması müzakirələrə səbəb olub.

Belə bir ittifaqın yaranması realdırmı və Türkiyənin Qərblə münasibətlərinə hansı təsirləri göstərə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, belə bir təklifin irəli sürülməsi vəziyyətin ciddiliyi ilə bağlıdır:

“İsrail və ABŞ-ın Türkiyəyə qarşı tutduğu mövqe bu məsələdə rol oynaya bilər. Normalda Türkiyə ABŞ və Avropa ilə daha yaxşı münasibətlərə malikdir və NATO-nun üzvüdür. Lakin son vaxtlar Qəzzada yaşanan gərginlik, İsrailin Türkiyə ilə bir sıra məsələlərdə uzlaşa bilməməsi və rəsmi Vaşinqtonun birmənalı şəkildə İsrailin tərəfini tutması Baxçalını belə bir təkliflə çıxış etməyə vadar edib.

Əli Mustafayev

Bu, həm də bir əks-həmlə kimi dəyərləndirilə bilər. Əsas məsələ İsrail və Türkiyə arasındakı gərginliyin aradan qaldırılmasıdır. Netanyahu hökuməti bölgə siyasətində müəyyən düzəlişlər edərək hücumları dayandırmalıdır. Bu baş verdiyi halda, yeni ittifaqa ehtiyac qalmayacaq. Əks təqdirdə, Türkiyə özünü qorumaq üçün hansısa koalisiya qurmağa məcbur olacaq. Çin-Rusiya-Türkiyə üçbucağının yaranmasını istəməzdim. Məncə, bu, Azərbaycanın maraqlarına uyğun deyil”.

Politoloq Elxan Şahinoğlu isə məsələyə belə münasibət bildirib:

“Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dünyaya meydan oxuyan ABŞ-İsrail koalisiyasına qarşı “Türkiyə-Rusiya-Çin ittifaqı qurulsun” təklifi qardaş ölkədə geniş əks-səda doğurub. Türkiyə tarix boyu Rusiya və Çinlə ittifaq içində olmayıb. Ancaq dünyada reallıqlar sürətlə dəyişir və dünənə qədər rəqib olan dövlətlər tərəfdaşlara, tərəfdaş olan dövlətlər isə rəqibə, hətta düşmənə çevrilirlər. Buna baxmayaraq, Türkiyənin Rusiya və Çinlə ittifaq qurması çətin təsəvvür edilir. Əlbəttə, Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətləri hamar deyil, İsrailin Qəzzanı yerlə-yeksan etməsi və buna Vaşinqtonun seyrçi qalması Türkiyənin siyasi dairələrini və cəmiyyətini anti-Qərb əhval-ruhiyyəyə kökləyib. Ancaq bunun alternativi Türkiyənin Rusiya və Çinlə ittifaq qurmasıdırmı? Bu ittifaq NATO üzvü olan Türkiyənin maraqlarına nə dərəcədə cavab verə bilər?

Elxan Şahinoğlu

Ankaranın son illərdə Moskva və Pekinlə dialoqu genişlənib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edib. Dövlət Baxçalı bu əməkdaşlığın daha üst səviyyəyə qaldırılmasını təklif edib. Türkiyənin Rusiya və Çinlə ittifaq qurması Ankaranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləməsi, Çinin isə uyğur türklərinə qarşı yürütdüyü siyasətinə normal yanaşması anlamına gələcək. Moskva və Pekin müttəfiq olacaqlarsa, Ankaranın onların ünvanına “Rusiya Ukraynanın ərazi bütövlüyünü pozmamalıdır” və ya “Çin uyğur Türklərinin haqlarına hörmət etməlidir” kimi iradlar səsləndirməsi mümkün olmayacaq. Azərbaycanın milli və təhlükəsizlik maraqları baxımından da Türkiyənin Rusiya ilə ittifaqı Cənubi Qafqaz üçün faydalı deyil. Əksinə, Azərbaycan Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalmasını istəyir”.

Globalinfo.az xatırladır ki, MHP ilə AKP uzun illərdir ki, “Cumhur İttifaqı” formatında müttəfiqdirlər. Bəzən Türkiyə dövlətinin strateji qərarları MHP sədri Dövlət Baxçalının vasitəsi ilə ictimaiyyətə çatdırılır. Məsələn, PKK lideri Abdullah Öcalanla bağlı məlum bəyanat ilk dəfə D.Baxçalının dilindən səsləndi. İndi də Rusiya və Çinlə Ankaranın ittifaq qurması təklifini MHP rəhbəri irəli sürüb. Görünür,bütün bunlar yoxlama tədbirləri kimi nəzərdə tutulur. Rəsmi Bakının bu prosesə cavabının necə olacağı da prosesə əlavə diqqət və maraq qata bilər…

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
6
globalinfo.az

8Mənbələr