AZ

"44 günlük Zəfər və 23 saatlıq Qələbə dərsliklərdə yer almalıdır"

"Azərbaycanın müasir tarixində 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 23 saat davam edən antiterror əməliyyatı milli dövlətçilik tarixinin əsas mərhələləri kimi qiymətləndirilir. Təhlil göstərir ki, bu hadisələr yalnız hərbi uğur deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi, ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından strateji nəticələr doğurub. Bu cür dönüş nöqtələrinin məktəb dərsliklərinə daxil edilməsi pedaqoji baxımdan zəruridir".

Bu sözləri Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

kamran.jpg

O qeyd edib ki, "Təhsil haqqında" Qanunun 14-cü maddəsində milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik tərbiyəsi dövlət siyasətinin əsas prinsipləri sırasında göstərilir:

"Bu tələbin icrası yalnız tarixi faktların deyil, həm də onların milli şüurda yaratdığı təsirin şagirdlərə ötürülməsi ilə mümkündür. Rəsmi mənbələr göstərir ki, Vətən müharibəsində Azərbaycanın 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olunub, nəticədə ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa edilib. 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatı isə cəmi 23 saat ərzində başa çataraq Qarabağda qeyri-qanuni silahlı birləşmələrin tərksilah olunması ilə yekunlaşıb. Bu faktların tədris proqramında yer alması gələcək nəsillərə dövlətin gücünü və milli birliyin nəticələrini anladacaq, həm də tarixi yaddaşın qorunmasına xidmət edəcək".

Kamran Əsədov bildirib ki, artıq yeni çap olunan bəzi tarix dərsliklərində 44 günlük müharibə haqqında məlumat verilməyə başlanılıb:

"Bu, Elm və Təhsil Nazirliyinin müasir tarixi hadisələrin təhsil prosesinə daxil edilməsi istiqamətində atdığı strateji addımların göstəricisidir. Nazirliyin belə çevik addımları təqdirəlayiqdir və dövlətin rəsmi mövqeyini gənc nəslə ötürmək baxımından mühüm rol oynayır. Mənfi tərəf isə ondadır ki, mövcud dərsliklərdə hadisələr çox zaman sadəcə xronoloji faktların sadalanması ilə məhdudlaşır. Analitik təhlil, səbəb-nəticə əlaqələrinin izahı, beynəlxalq münasibətlərdə doğurduğu dəyişikliklərin öyrədilməsi ikinci planda qalır. Əgər bu istiqamətdə dəyişiklik edilməsə, dərsliklər gənclərin yalnız faktları əzbərləməsinə, lakin onların dərin mahiyyətini anlamamasına gətirib çıxaracaq.

Dünya təcrübəsinə baxdıqda görürük ki, böyük tarixi qələbələr mütləq şəkildə dərsliklərin əsas hissəsinə çevrilir. Türkiyədə Çanaqqala zəfəri məktəb proqramlarında geniş və analitik formada tədris olunur, Gürcüstan dərsliklərində 2008-ci il hadisələri siyasi və hüquqi nəticələri ilə təqdim edilir, İsraildə isə dövlətin yaradılması uğrunda aparılan mübarizə məktəb proqramlarında xüsusi metodlarla öyrədilir. Azərbaycanın müharibə və antiterror əməliyyatlarının dərsliklərdə yer alması bu kontekstdə yalnız milli məsələ deyil, həm də beynəlxalq təcrübə ilə uyğunlaşan yanaşmadır.

Müqayisəli təhlil göstərir ki, 44 günlük müharibə dərsliklərdə artıq məhdud formada yer alsa da, 23 saatlıq antiterror əməliyyatının dərsliklərə daxil edilməsi hələlik tam şəkildə reallaşmayıb.

Dəyişməli olan əsas məqam odur ki, dərsliklər sadəcə hadisələri deyil, onların nəticələrini, siyasi-hüquqi əhəmiyyətini, beynəlxalq reaksiyaları da əks etdirməlidir. Bu, şagirdlərə təkcə tarixi faktı deyil, həm də onun dövlətçilik və milli kimlik üçün daşıdığı dəyəri öyrədəcək.

Hesab edirəm ki, 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatının dərsliklərdə geniş və analitik şəkildə təqdim olunması milli yaddaşın qorunması, vətənpərvərlik tərbiyəsi və gələcək nəsillərin milli kimlik şüurunun möhkəmlənməsi üçün zəruridir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə atdığı addımlarla müsbət iş görür, lakin prosesin daha da təkmilləşdirilməsi, dərsliklərin faktlarla yanaşı analitik məzmunla zənginləşdirilməsi vacibdir.

Bu yanaşma Azərbaycanın tarixi qələbələrinin yalnız yazılı xatirəyə çevrilməsini deyil, həm də şagirdlərin dünyagörüşünün formalaşmasına real təsir göstərməsini təmin edəcək".

Xalidə Gəray
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr