AZ

Rektor: İğdır Universiteti Türkiyə-Azərbaycan dostluğu və əməkdaşlığına töhfə verməyə çalışır

Ankara, 19 sentyabr, AZƏRTAC

İğdır Universiteti Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa töhfə vermək məqsədi daşıyan konkret layihələr həyata keçirməyə sadiqdir.

Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində universitetin rektoru Ekrem Gürel Azərbaycana son səfərinin yekunlarını şərh edərkən deyib.

O, Azərbaycanda aparılan danışıqların məhsuldar olduğunu bildirib, Türkiyənin universitet nümayəndə heyətinə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirib. Rektor qeyd edib: “Bizim Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti və İlahiyyat İnstitutunun rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə etmək imkanımız oldu”.

İğdır Universitetinin nümayəndə heyətinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, elm və təhsil nazirinin müavini Həsən Həsənov və mədəniyyət naziri Adil Kərimov ilə görüşləri olub.

“Ölkələrimiz arasında dialoqa, konstruktiv yanaşmaya və əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyə görə səmimi minnətdarlığımı bildirirəm”, -deyə rektor bildirib.

Onun sözlərinə görə, müzakirələrdən sonra tələbə və akademik mübadilə proqramlarından tutmuş birgə elmi layihələrə, mədəni tədbirlərdən tədqiqatlara qədər geniş istiqamətlər üzrə konkret addımlar barədə razılıq əldə olunub. “Əminəm ki, kənd təsərrüfatı, mühəndislik, ilahiyyat, dil, mədəniyyət kimi sahələrdə birgə fəaliyyət Türkiyə ilə Azərbaycan arasında təkcə universitetlərarası əlaqələri deyil, həm də elmi və mədəni əməkdaşlığı gücləndirəcək”, -deyə E.Gürel vurğulayıb.

Agentliyin həmsöhbəti Azərbaycan universitetləri ilə planlaşdırılan əməkdaşlığın İğdır Universitetinin beynəlxalq akademik nüfuzunu artıracağına, təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə, təhsil və elm vasitəsilə iki ölkənin ortaq dəyərlərini təbliğ edəcəyinə əminliyini ifadə edib.

Rektor əlavə edib: “Əminliklə deyə bilərəm ki, Azərbaycana səfər təhsil, elm, mədəniyyət, tarix sahələrində təmaslarda öz əksini tapıb, “bir millət, iki dövlət” prinsipinin sarsılmazlığını bir daha nümayiş etdirib. İğdır Universiteti yeni layihələrlə qardaşlıq və əməkdaşlıq ruhunu gücləndirmək əzmindədir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
20
1
azertag.az

2Mənbələr