ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Türkiyə-Ermənistan sərhədinin açılması mövzusu yenidən gündəmdədir. Əslində bu, çoxdan bəri müzakirə olunan və daim gündəmdə olan məsələlərdən biridir. Ermənistanla Türkiyə arasında həm diplomatik münasibətlərin qurulması, həm də sərhədlərin açılması məsələsi artıq iki-üç ildir ki, aktiv şəkildə müzakirə olunur. Bu çərçivədə Ermənistan tərəfdən Parlamentin sədr müavini Ruben Rubinyan, Türkiyə tərəfindən isə tanınmış diplomat Sərdar Kılıç bu məsələlərlə bağlı dəfələrlə görüşlər keçiriblər".
Bu fikirləri Redaktor.az-a Türkiyə-Ermənistan sərhəddinin açılması ilə bağlı danışan politoloq Qafar Çaxmaqlı bildirdi.
O, əlavə etdi ki, ən son görüş Ermənistanla Türkiyə arasında yerləşən İğdır bölgəsindəki sərhəddə Markara-Əlican sərhəd-keçid məntəqəsində baş tutub:
"Həmin görüşdə Sərdar Kılıç bu keçid məntəqəsindən istifadə edərək İrəvana keçib və orada danışıqlar aparılıb. Görüşlərdə bir çox detallar müzakirə olunub və bu zaman texniki baxımdan sərhədlərin açılması məsələsinin hələlik ertələnməsi və gələcəkdə bu məsələyə daha ciddi şəkildə yenidən baxılması qərara alınıb. Qeyd olunub ki, sərhədlərin açılması məsələsi Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə paralel şəkildə həyata keçirilməlidir. Eyni zamanda, Türkiyə bu illər ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını gözləyir. Türkiyə Xarici İşlər Nazirliyi səviyyəsində açıq şəkildə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra bu məsələyə baxılacaq. Bu baxımdan, sərhədlərin açılması istiqamətində ciddi maneənin qalmadığı qənaətindəyəm. Hesab edirəm ki, sərhədlərin açılması Azərbaycan-Ermənistan sülh müqaviləsindən sonra reallaşacaq".
Politoloq vurğuladı ki, bir neçə istiqamətdə sərhədlərin açılması gözlənilir:
"Bunlardan biri qeyd etdiyim Markara–Əlican sərhəd-keçid məntəqəsidir. Digəri isə Gümrü-Qars istiqamətində yerləşən Ax-Yaka sərhəd-keçid məntəqəsidir. Eyni zamanda Türkiyənin Ani şəhərinə aparan yolun üzərində yerləşən tarixi körpünün yenidən inşası da nəzərdə tutulan layihələr sırasındadır. Mənə elə gəlir ki, sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub və bu, sadəcə zaman məsələsidir. Hesab edirəm ki, gələn ilin ortalarına doğru sərhədlərin açılması mümkündür".
Nuriyyə NATİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.