Azərbaycan Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr -Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq Prezident İlham Əliyevin sərəncamı ilə bir il bundan əvvəl təsis olunan Dövlət Suverenliyi Gününün mahiyyəti və tarixi əhəmiyyəti haqqında danışıb. Prorektor qeyd edib ki, suverenlik müstəqilliyin praktik olaraq həyata keçirilməsidir.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarılıb, qondarma rejimin qalıqları isə özünün ləğv olunduğunu elan edib. Beynəlxalq tanınmış ərazisində dövlət suverenliyini və konstitusiya quruluşunu tam bərpa edən Azərbaycan dövləti indi özünün bütün sərhədlərinə və sərhədləri daxilində ərazisinin hər nöqtəsinə nəzarət edir.
Cənab Prezidentin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da bu prosesin məntiqi davamıdır. Ardınca Siyasi və ictimai elmlər kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Natiq Həsənov “Konstitusiya və suverenlik” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə suverenlik anlayışı və əlamətləri, suverenliyin klassik mahiyyəti, suveren dövlətlər sistemi kimi anlayışlara açıqlıq gətirilib, konstitusiya və suverenlik anlayışlarının Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər olduğu diqqətə çatdırılıb.
Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Solmaz İlyaszadə isə tələbələr adından çıxış edib. TEC sədrinin çıxışı “Gənclik və suverenlik” mövzusunda olub.