AZ

Daxili auditoriyaya mesaj, beynəlxalq ictimaiyyətə açıq siqnal - Azər Badamov

Yazını böyüt
Yazını kiçilt

“Şuşa Azərbaycanın yalnız Mədəniyyət paytaxtı deyil, həm də tarixən Pənahəli xanın qala tikərək yaşadığı və müxtəlif görüşlərin keçirildiyi tarixi bir məkan olub”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

A.Badamov qeyd edib ki, düzdür, Şuşada Azərbaycanın klassikləri yaşayıb-yaradıblar, bunun ölkəmizin mədəniyyətinin inkişafında xüsusi rolu olub, amma bu şəhərin diplomatik məsələlərin müzakirə olunduğu bir məkan kimi əhəmiyyəti həmişə olub:

“1992-ci ilin 8 mayında ermənilər Şuşanı işğal edərək onun tarixini dəyişməyinə çalışdılar. Amma xalqımızın ürəyinə həkk olunmuş tarixi heç kim dəyişə bilməzdi. Ona görə də Şuşadakı Üzeyirin, Natəvanın və Bülbülün bürünc büstlərini ermənilər əlvan metal kimi satışa çıxaranda Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə alınıb saxlanılıdı və yerinə qayıdacağı günü gözlənildi. Nəhayət 8 noyabrda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz Şuşanı işğalçılardan təmizlədi və özünün əsl sahiblərinin tarxini yenidən qayıtması ilə xoşbəxt günlərini yaşayır”.

Deputat vurğuladı ki, bu gün Şuşa həm də dövlət başçılarını qəbul edən və müazkirələr aparılan diplomatik şəhərə çevrilib. Onun sözlərinə görə, Şuşanın diplomatik görüşlərin keçirildiyi şəhərə çevrilməsi Azərbaycanın bu qədim və strateji şəhəri regional və beynəlxalq siyasət müstəvisinə çıxarmaq niyyətinin aydın göstəricisidir. Bu həm simvolik, həm də praktik xarakter daşıyır:

“Burada yüksək səviyyəli görüşlərin keçirilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün praktik şəkildə nümayiş etdirilməsi və təsdiqidir. Bu yüksək səviyyəli görüşlərlə həmçinin beynəlxalq ictimaiyyətə mesaj verilir: Şuşa azaddır və Azərbaycanın siyasi həyatında fəal rol oynayır.

Şuşa dövlət başçılarını qəbul edir və beynəlxalq əhəmiyyətli Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Qlobal media Forumları və digər beynəlxalq strukturların çərçivəsində rəsmi nümayəndə heyətlərinin görüşlərinin keçirildiyi məkana çevrilib. Bu görüşlər şəhərin diplomatik gündəmə daxil olduğunu və mühüm qərarların müzakirə edildiyi məkanlardan birinə çevrildiyini göstərir. Şuşanın diplomatik görüşlərin keçirildiyi şəhərə çevrilməsi, Azərbaycanın bu şəhəri təkcə mədəni və tarixi simvol deyil, eyni zamanda siyasi və strateji mərkəz kimi təqdim etməsinə xidmət edir. Bu həm daxili auditoriyaya mesaj, həm də beynəlxalq ictimaiyyətə açıq siqnaldır - Azərbaycan suveren ərazilərində tam nəzarətə sahibdir və bu ərazilər regional diplomatiyanın mərkəzlərindən birinə çevrilir”.

Seçilən
106
hafta.az

1Mənbələr