AZ

Ermənilər antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının müstəqillik tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatıdır. Bu əməliyyat nəticəsində ölkəmizin Qarabağ bölgəsində uzun illər davam edən separatizmə son qoyulmuş, Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu aradan qaldırılmış və Azərbaycan Respublikasının konstitusiya quruluşu tam şəkildə bərpa edilmişdir. Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı. Onun siyasi, hüquqi və beynəlxalq nəticələri Azərbaycanın dövlət suverenliyini tam təmin etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu məqalədə əməliyyatın səbəbləri, gedişi, nəticələri və regional təsirləri geniş şəkildə təhlil olunacaqdır.

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatla İkinci Qarabağ müharibəsi başa çatdı və Ermənistan üzərinə öhdəlik qoyuldu ki, Azərbaycan ərazisindəki bütün hərbi qüvvələrini çıxarsın. Lakin üç il ərzində bu öhdəlik yerinə yetirilmədi. Əksinə, Ermənistan və onun dəstəklədiyi separatçı qüvvələr Qarabağda hərbi mövcudluğunu gücləndirdi, yeni texnika yerləşdirdi, müstəqillik iddialarından əl çəkmədi və qondarma qurumlar vasitəsilə Azərbaycan dövlətinin əleyhinə fəaliyyətini davam etdirdi. Azərbaycan tərəfi bu dövrdə dəfələrlə xəbərdarlıqlar etdi, danışıqlar yolu ilə problemin həllinə çalışdı. Eyni zamanda, ölkəmiz humanist mövqe nümayiş etdirərək sülh çağırışları etdi. Lakin bütün bu səylərə baxmayaraq, Ermənistan tərəfi danışıqlardan yayınaraq təxribatlarını artırdı.

2023-cü ilin sentyabrında baş verən terror hadisələri vəziyyəti kritik həddə çatdırdı. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda minaların partladılması nəticəsində mülki şəxslərin və hərbçilərin həlak olması, eləcə də Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması dövlətimizin səbrini tükəndirən son hadisə oldu. Beləliklə, Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək, vətəndaşların təhlükəsizliyini təmin etmək və beynəlxalq hüquqa əsaslanan suveren hüquqlarını qorumaq üçün lokal xarakterli antiterror əməliyyatı zəruri addım kimi həyata keçirildi.

Antiterror əməliyyatı 2023-cü il sentyabrın 19-da başlandı və cəmi 23 saat 43 dəqiqə davam etdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq, texnoloji üstünlük və strateji planlama nəticəsində qısa müddətdə bütün hədəflərə nail oldu. Erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymaqla döyüş mövqelərindən və hərbi postlardan çıxdılar. Onlar tam şəkildə tərksilah olundu. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin «rəhbəri» Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Ən əsası isə Qarabağda separatçıların əsas rəhbərləri həbs olunaraq Azərbaycanın ədalət məhkəmələrinə təhvil verildilər. Beləliklə Azərbaycan öz dövlət suverenliyini tamamilə təmin etdi. Ölkəmizin Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizi, bərpa olunan suverenliyimizi dünyaya bir daha çatdırdı.

Beləliklə, Azərbaycan 2023-cü ilin sentyabrında beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Bununla da ölkəmiz sübut etdi ki, qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik Müzəffər Ali Baş Komandanı var. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq yüz ildən bəri bizə «miras» qalan bu irinli yaranı birdəfəlik kəsib atdı. Artıq ölkəmiz hər il 20 sentyabr tarixini Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü kimi qeyd edəcəkdir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 oktyabr tarixli Sərəncamında bildirilir: «2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
sesqazeti.az

1Mənbələr