1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Pərviz Heydərov yazır...
Maliyyə Nazirliyinin "2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama"sında diqqəti cəlb edən bəlkə də ən müsbət məqam Dövlət Neft Fondundan (DNF) 2026-cı ilin dövlət büdcəsinə ayırmanın - transfert məbləğinin cari il üzrə təsdiq olunandan az təşkil edəcəyidir. Özü də bu, gələn ilin büdcəsinin gəlir hissəsinin cüzi də olsa artıq təşkil edəcəyi fonunda baş verəcək.
Hansı ki, bu, ayrıca önəm daşıyır.
Belə ki, cari ilin dövlət büdcəsində DNF-dan transfert 14 milyard 481 milyon manat məbləğində təsdiq olunduğu halda, 2026-cı ilin büdcəsində bu rəqəm 12 milyard 750 milyon manat, yəni təqribən 12% az nəzərdə tutulub.
Halbuki, növbəti ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və ya 0.2%, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 261 milyon 200 min manat və ya 3.4% çox deməkdir.
Xatırladım ki, indiyədək DNF-dan dövlət büdcəsinə heç vaxt bu il nəzərdə tutulduğu qədər və yaxud məbləğdə transfert həyata keçirilməyib. Yəni 14 milyard 481 milyon manat məbləğində...
Yeri gəlmişkən, ötən ilin dövlət büdcəsinə ilin ortasında yenidən baxılan zaman gəlirlər proqnozlaşdırılandan 2 milyard 18 milyon manat və ya 6.4% artırılaraq 36 milyard 35 milyon 300 min manat edilərkən bunun, DNF-dan əlavə transfert hesabına olmadan həyata keçirilməsini müsbət qiymətləndirmişdim.
Ona görə ki, 2023-cü ildə analoji halda DNF-dən transfert təsdiq olunandan 457 milyon 700 min manat və yaxud 4.05% artırılmışdı. 2022-ci ildəsə fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert həcmi 1 milyard 192 milyon 500 min manat azaldılmışdı ki, nəticədə də DNF-dən köçürmə 2020-ci və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi.
Bu da xərclərin artması fonunda böyük hadisə və addım idi.
Ümumiyyətlə, 2021-ci və 2020-ci ildə dövlət büdcəsinə DNF-dan transfert eyni məbləğdə, - 12 milyard 200 milyon manat təsdiq edilmişdi ki, 2022-ci ilin dövlət büdcəsində isə əvvəlki illərdəkindən bir qədər çox, - 510 milyon manat və ya 4.2% çox proqnoz edilmişdi.
Bundan əlavə, 2021-ci ildə Fonddan transfert ilin sonuna ümumiyyətlə 850 milyon manat az həyata keçirilmişdi.
Yəni, son 5 ildə DNF-dan büdcəyə transfert məbləğlərini bu cür xatırlamaqla çatdırmaq istədiyim fikir budur ki, neftin dünya bazar qiyməti neçə illərdir həm dövlət, həm də Fondun büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə rəqs etdiyindən, digər tərəfdən isə qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artıq təşkil etməsi səbəbindən DNF üzrə transfert məbləğini əslində, azaltmaq siyasəti seçilmişdi.
Cari ildəsə buna zidd rəqəm müəyyən olunmuşdu.
Odur ki, növbəti ildə, yəni 2026-cı ildə dövlət büdcəsinə transfertin cari il üzrə təsdiq olunandan 12% də varsa az təşkil edəcəyini həmin siyasətə qayıdış kimi qiymətləndirmək olar. Ən mühüm təqdirəlayiq hal isə ondan ibarətdir ki, bu siyasətin növbəti üç ildə də, yəni 2027-2029-cu illərdə də davam etdiriləcəyi nəzərdə tutulur.
Əgər bu, baş verərsə və ümumiyyətlə, sözügedən tendensiya davamlı xarakter daşıyarsa növbəti onilliyin birinci yarısında dövlət büdcəmizin Neft Fondundan asılılığına son qoyulacaq.
Lakin, bunun üçün büdcə gəlirlərinin artması prosesinin, başqa sözlə dövlət büdcəsinin inkişaf dinamikasının DNF-dan transfertsiz məbləğ üzərində köklənməsi və məhz, bu dayağa söykənməsi lazımdır.
Qeyd edim ki, DNF-dən transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23.5 milyard manat, 2024-cü ildə 23.6 milyard manat olduğu halda, 2025-ci ildə 23.8 milyard manat proqnoz edilib. Gələn il isə bu rəqəm 25.6 milyard manat təşkil edəcək.
Ancaq bir nüans var. O da bundan ibarətdir ki, neftin dünya bazarlarında qiyməti yüksək olarsa dövlət büdcəsinə transfert artırılmasa yaxşıdır.