AZ

Biz indi onlardan 100 il qabaqdayıq

Üzeyir bəy Hacıbəylinin 140 illiyinə onuncu yazı 

Salam olsun, çox dəyərli oxucum! Ötən yazımızın sonunda məlumat verdiyimiz kimi bu yazı mövzu üzrə silsilə yazımızın sonuncusu - yekunu olacaq.

Mövzu üzərində işləməyə 25 may 2025-ci il tarixində Ağdamda başladım. Başlanğıc sürəcinə gələnə qədər və işin davam etdiyi  müddət boyunca Hadrutda, Ağcabədidə və dəfələrlə Ağdamda, Şuşada, Xankəndidə oldum. Yazının bəzi hissələrini Ağdərədə, Kəlbəcər və Laçında (Həkəri çayının sahilində, cənnət məkan Şəlvə dərəsi boyunca, Mıxtökən, Qızılqaya dağlarının ətəklərində) mobil telefonumun qeyd bölməsinə yazdım. Sonunda bu gün artıq yekun mərhələsinə gəlib çatmışam.

Muzeylərdə oldum. Operaları və filmləri izlədim. Filarmoniyada, Opera və Balet TeatrInda, Musiqili  teatr da, Akademik Dram Teatrında, hətta Kukla teatrında oldum. Çox müşahidələr apardım. "Qaynaqlar" bölümündə qeyd olunmuş ədəbiyyat və mənbələrdən istifadə edərək, özüm üçün vacib - borc bildiyim bir işi yekunlaşdırmaq ərəfəsindəyəm.

HAŞİYƏ:

Ad, soyad barədə kiçik bir haşiyə  çıxmaq istəyirəm. Qaladan (Şuşadan) olan ikinci bir görkəmli ziyalımız Əhməd bəy Ağaoğlunun (Ağayev) timsalında soyadla narahatçılıqları olan ziyalılarımız kifayət qədər olub. Və onlar bu narahatçılıqlarını biruzə veriblər. Məncə Üzeyir bəyin (subyektiv fikir) bu barədə heç vaxt  narahatçılığı olmayıb (olubsa da biruzə verməyib). Bəlkə də nəyə görəsə xüsusi olaraq - "qəsdən" -  hətta imzasında belə tam olaraq "Ü.Hacıbəyov" yazıb. Ancaq bu hal təkcə inqilabdan sonra, sovet dövründə  olsa idi, indi (təxminən 100 il sonra) biz düşünə bilərdik ki, bəy belə yazmağa, imza etməyə vadar olub. Yaxşı bilirik ki, bu belə deyil. Bütün bu olaylar baş verməzdən hələ çox əvvəl hal-hazırda əlimizdə olan 1910-cu illərə aid əlyazma mətnlərdə, afişalarda və kitab cildlərində Üzeyir bəy Hacıbəylinin   özünü "Üzeyir bəy Hacıbəyov" kimi təqdim etdiyini görürük (bu haşiyə - qeyd gələcəkdə maraqlanacaq şəxslər üçün hazırda hamı üçün əlçatan olan çoxlu mənbələr əsasında böyük əminliklə yazılıb).

Bütün bunlardan əlavə Üzeyir bəy Hacıbəylinin saysız-hesabsız təxəllüslərdən (qoyma adlardan) istifadə etdiyi də məlumdur. Ancaq dünya onu bir adla - "Üzeyir Hacıbəyov" kimi tanıdı.

Əvvəlcə kitaba (bu monoqrafiyama) ad qoymaq məsələsinə aydınlıq gətirmək istəyirəm.Sırf texniki səbəbdən (hərflərin kombinasiyası nəzərdə tutulur) kitabı "Üzeyir Hacıbəyov -140" (monoqrafiya) adlandırıram. Əlbəttə, bütün dünyada "Üzeyir Hacıbəyov" kimi tanınan Üzeyir bəy Hacıbəyli bizim üçün sözün bütün mənalarında bəy oğlu bəydir. Ruhu şad olsun!  Məqamı ucadır. Ancaq bir az yuxarıda qeyd etdiyim kimi bütün dünya artıq onu "Üzeyir Hacıbəyov" kimi tanıdığına görə dünyanın "Üzeyir Hacıbəyov"unu Azərbaycanın "Üzeyir bəy Hacıbəyli"si kimi yazmağa ehtiyac görmədim (kitabın adında - üzqabığında).

Keçək əsas məsələyə. Üzeyir bəyin əsərləri ilə tanış olana qədər bu fikir məndə ilk dəfə və ancaq müəllifi bu gün də mübahisəli olsa da əsl peşəkar Azərbaycan yazıçısının qələmindən çıxdığına şübhə yeri qoymayan "Əli və Nino" əsərini oxuduqdan sonra formalaşmışdı. Əsər bütöv Azərbaycanı əhatə edirdi. Dili, mədəniyyəti, məişəti və coğrafiyası ilə tam vahid  Azərbaycanı görürük "Əli və Nino"da. Bu xüsusiyyət Üzeyir bəyin də yaradıcılığına xas əsas məziyyətlərdən biridir. Məşhur filmdən frazada deyildiyi kimi Üzeyir bəy üçün Vətənin o başı, bu başı anlayışı yoxdur. Onun yazılarında, İrəvanda və ya Tiflisdə yaşayan soydaşı ilə Şuşada, Bakıda, Ərdəbildə, Təbrizdə, Dərbəndə yaşayan soydaşının heç bir fərqi yoxdur. Çar nümayəndələrini və üsuli-idarəsini tənqid etdiyi kimi, şah rejimi və üsuli-idarəsindəki noqsanları da çəkinmədən yazılarında göstərirdi. Üzeyir bəy sanki Arazı heç vaxt görməmişdi və belə bir çay tanımırdı. İndi bu sətirləri yazarkən (5.09.2025 - saat 02:41) düşünürəm ki, bəlkə də vaxtı ilə

"Üstündən yüz Araz axsın,

Torpaq, bizim torpağımız!

Güney, Quzey  fərq eləməz,

Oylaq, bizim oylağımız! (Z.U.)"

qənaətinə gəlməyimdə məhz böyük ədiblərimizin əsərlərinin təsiri olub.

Üzeyir bəyin yaradıcılığı - xüsusilə ictimai-sosial yüklü yazıları (janrından asılı olmayaraq) ilə tanış olanda bir daha əmin olursan ki, soydaşlarının taleyi söhbət mövzusu olanda coğrafi məkan, ərazi, mövcud dövlətlərin müvəqqəti sərhədləri arxa plana keçir, görkəmli ədib yazdıqları ilə özünü böyük bir xalqın təəssübkeş  ziyalısı kimi  təqdim edir. O bu yolda tənqiddən, təbliğdən, təşviqat işi aparmaqdan yorulmur, usandım demir. Qalalı Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyovun doğma ana dilinin  hakim olduğu ərazi onun vətənidir. O hətta ümumilikdə Qafqazın dərd-sərinə biganə qalmayan, onun yazdıqlarını oxuyub anlayan Anadoludan Doğu Türküstana, Krımdan Təbrizə, İrəvandan Kərkükə qədər hər kəsin yazarı idi. Ana dilinin hakim olduğu coğrafiyanı öz doğma Yurdu bilir, yurddaşlarını soydaşı bilir, dərdlərini öz dərdi hesab edirdi.

Azərbaycan xalqının mədəniyyət tarixində "Üzeyir Hacıbəyov" adı yalnız musiqi ilə deyil, həm də ana dilimizin inkişafı, onun milli kimliyimizin daşıyıcısı kimi möhkəmlənməsi ilə bağlıdır. Böyük bəstəkar, maarifçi və publisist olan Üzeyir bəy, XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin mədəni oyanışında dil məsələsini ən vacib amillərdən biri kimi görürdü.

Üzeyir bəy Hacıbəyli  üçün Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyildi. O, dilimizi milli ruhun ifadəçisi, xalqın mənəvi sərvətlərinin qoruyucusu kimi dəyərləndirirdi. Hələ "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etdiyi illərdə yazdığı publisistik məqalələrdə, satirik yazılarda dilin təmizliyi, aydınlığı və xalq tərəfindən anlaşıqlı olması məsələsinə xüsusi önəm verirdi. Onun fikrincə, milli dilin inkişafı olmadan milli mədəniyyətin yüksəlişindən danışmaq mümkün deyil.

Əsərlərinə nəzər salsaq, görərik ki, Üzeyir bəy Hacıbəyli  Azərbaycan dilini sadə və əlçatan üslubda təqdim etmiş, xalqın gündəlik danışıq dilini böyük bir sənət nümunəsinə çevirmişdir. "Leyli və Məcnun" operası təkcə Şərqdə ilk opera olmaqla deyil, həm də Azərbaycan dilinin bədii-estetik imkanlarını nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır. O dövrdə bir çox ziyalılar sənətdə daha çox fars və ya rus dillərinə üstünlük verdiyi halda, Üzeyir bəy öz yaradıcılığında Azərbaycan türkcəsini seçdi və bununla milli kimliyimizin möhkəmlənməsinə böyük töhfə verdi. "İrşad" və digər mətbu orqanlarda ana dilimiz haqqında Üzeyir bəyin silsilə yazıları dərc olunub. Maraqlıdır ki, məhz 1906-cı ilin 15, 16, 20 fevral tarixli "İrşad" qəzetində ana dilimiz haqqında olan yazıları böyük ədib "Üzeyir bəy Hacıbəyov" imzası ilə dərc etdirib. Sonralar Azərbaycanda sovet höküməti qurulduqdan sonra sanki ad və soyadın arasındakı "bəy" sözü də ixtisara düşüb.Və nəticədə üzun illər bütün dünyada, müxtəlif dillərdə - ən azı dünyanın 100 dən artıq dilində "Üzeyir Hacıbəyov" kimi tanınıb. Yaddaşlarda belə qalıb. Sərlövhə və afişaları belə bəzəyib. Ruhu şad olsun. Amin.

Bundan başqa, o, publisistik fəaliyyətində də dil məsələsinə dönə-dönə qayıdırdı. Məqalələrində savadsızlığın aradan qaldırılması, xalqın maariflənməsi üçün ilk növbədə Azərbaycan dilinin sadə, başa düşülən şəkildə tədris olunmasını vacib hesab edirdi. Hacıbəyov yaxşı bilirdi ki, xalqın öz ana dilində təhsil alması onun milli düşüncəsini formalaşdıracaq və milli şüurun inkişafına təkan verəcək. Təkcə bir fakta diqqətinizi çəkmək istəyirəm. Az qala o taylı, bu taylı bütün Azərbaycanın hamısının günümüzdə də gündəlik həyatda, məişət söhbətlərində, rəsmi iş söhbətlərində (iclaslarda)  gün ərzində heç olmasa bircə dəfə işlətdiyimiz; "Heç hənanın yeridir?!", "Tarixi-Nadiri yarıya qədər oxumuşam", "Bir nəfər molla, üç manat pul, bir kəllə qənd", "Pulun var, gələrəm", "Bəs mənim bir abbasım?", "Mən dul, sən dul" və sair bu kimi zərb-məsələ dönmüş ifadələr yəqin ki, hamınıza tanışdır?! Üzeyir bəyin özməz qəhrəmanlarının dili ilə dediyi bu və bunun kimi digər yüzlərlə ifadələr həm ana dilimizin zənginliyindən, şirinliyindən, axıcılığından, ifadə genişliyindən xəbər verir, həm də görkəmli ədibin dogma ana dilinin inkişafına verdiyi misilsiz töhfələrin bu gün də gözümüz önündə, canlı dilimizdə dipdiri, işlək olduğunun bariz göstəricisidir.

Üzeyir bəyin fəaliyyəti nəticəsində Azərbaycan dili yalnız gündəlik ünsiyyət vasitəsi olmaqdan çıxaraq, böyük sənətin, elmin, publisistikanın dili səviyyəsinə yüksəldi. Bu gün də Azərbaycan dilinin dövlət dili statusunu qazanmasında Üzeyir bəy Hacıbəyli kimi ziyalıların xidmətləri unudulmazdır.

Nəticə etibarilə, Üzeyir bəy Hacıbəyli  Azərbaycan dilinin qorunması və inkişafı uğrunda mübarizə aparan böyük şəxsiyyətlərdən biridir. Onun musiqisi xalqımızın qəlbinə necə yol tapmışsa, publisistik yazıları da milli dilimizin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi yolunda bələdçi olmuşdur.

Azərbaycan xalqının milli kimliyinin, mədəni varlığının və bütövlüyünün formalaşmasında böyük şəxsiyyətlərin rolu danılmazdır. Bu böyük şəxsiyyətlərdən biri də Üzeyir bəy  Hacıbəylidir. O, yalnız musiqi dahisi, ilk opera müəllifi, milli peşəkar musiqimizin banisi deyil, həm də milli ideyanın daşıyıcısı və xalqın mədəni birləşdirici qüvvəsi olmuşdur.

Üzeyir bəyin yaradıcılığına nəzər salanda görürük ki, o, Azərbaycanı yalnız coğrafi sərhədlərlə deyil, mənəvi sərhədlərlə bütöv görürdü. Onun əsərlərində Şuşanın musiqi nəfəsi, Qarabağın muğam ahəngi, Bakıdan gələn müasirlik ruhu və bütün Türk dünyasına səslənən milli qürur səsi birləşir. Məhz bu səbəbdən Üzeyir bəy Hacıbəylinin  musiqisi təkcə bir bölgənin, bir şəhərin deyil, bütöv Azərbaycanın səsi kimi qəbul olunur.

Üzeyir bəyin yaratdığı "Koroğlu" operası və ya "Arşın mal alan" operettası milli sərhədləri aşaraq, bütün Türk dünyasında və ümumiyyətlə Şərq aləmində Azərbaycanı tanıdan əsərlərə çevrildi. Onun melodiyaları Azərbaycanın hər guşəsində eyni doğmalıqla səsləndi, hər bölgənin insanı bu musiqidə özünü tapdı. Bu da göstərir ki, Hacıbəyov sənəti milli birləşdirici amil kimi çıxış edirdi.

Üzeyir bəy  Hacıbəyli  publisistikasında, məqalələrində də daim maarifçilik, milli oyanış və birləşmə ideyalarını önə çəkirdi. O, xalqın gələcəyini elm, mədəniyyət və milli həmrəyliyin inkişafında görürdü. Onun qələmində Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, bütöv xalqın varlığını qoruyan ən güclü dayaqlardan biri idi. Bu baxımdan Hacıbəylinin fəaliyyəti milli həmrəyliyin, milli bütövlüyün təbliği idi.

Bu gün də Üzeyir bəy Hacıbəylinin  irsi Azərbaycan xalqını birləşdirən mənəvi dəyərlər məcmusudur. Onun musiqisi sərhəd tanımır, Şimaldan Cənuba, Qərbdən Şərqə qədər hər bir azərbaycanlının qəlbində doğma duyğular oyadır. Bu, artıq təkcə musiqi deyil, Bütöv Azərbaycanın ruhudur.

Üzeyir bəy Hacıbəylinin  adı çəkiləndə göz önünə gələn təkcə bir bəstəkar yox, həm də bir milli ideoloq, birləşdirici qüvvə gəlir. O, Azərbaycanı parçalarda deyil, vahid bir varlıq kimi görürdü və əsərləri ilə bu bütövlüyü musiqidə, sözdə, ruhda yaşatdı.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bununla da təxminən 3 (üç) aydır ki, davam edən yolçuluğumuzun sonuna gəldik. Böyük ədibi doğum günündə rəhmətlə anırıq. Üzeyir bəy Hacıbəylinin əziz xatirəsinə həsr etdiyim 10 (on) yazıdan ibarət silsilə yazı (monoqrafiya) tamamlandı. "Olaylar" qəzetində və "Yazarlar" jurnalında dərc olunmuş bu yazılardan ibarət "Üzeyir Hacıbəyov - 140" (monoqrafiya) adlı kitab işıq üzü gördü. Sağ olun. "Olaylar"ı alıb oxumağı unutmayın.

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr